Azərbaycan, Bakı, 9 yanvar /Trend/
Rusiya DİN-in paytaxt Baş İdarəsinin rəisi Anatoli Yakunin Quranın yandırılmasının təşkilatçılarını müəyyən etmək üçün xüsusi operativ qrupun yaradılması barədə sərəncam verib. Hadisənin lent yazısı internetdə yerləşdirilib. Trend-in məlumatına görə, bu barədə RİA Novosti cümə axşamı idarənin mətbuat xidmətinə istinadən xəbər verib.
İnternetdə bir qrup naməlum gəncin ədəbsiz ifadələr işlədərək Quranı yandırdığını göstərən lent yazısı meydana çıxıb. Daha sonra onlar metroda qeyri-slavyan görünüşlü kişidən Allahdan üz döndərməyi tələb edirlər.
Agentliyin müsahibi bildirib: "Rusiya DİN-in Moskva Bİ-nin rəisi general-leytenant Anatoli Yakuninin əmrinə uyğun olaraq, paytaxt polisinin bir sıra hissələrinin operativ əməkdaşlarının daxil olduqları xüsusi qrup yaradılıb. Onlara Quranın yandırılmasını lentə alaraq internetdə yerləşdirən aksiyanın təşkilatçılarının ən qısa müddətə müəyyən edilərək saxlanması tapşırılıb".