Azərbaycan, Bakı, 9 fevral /Trend, müxbir Rufiz Hafizoğlu/
Türkiyənin sabiq daxili işlər naziri Müəmmər Gülər bu ilin iyununda keçiriləcək parlament seçkilərində iştirak etməyə hazırlaşmır. Trend xəbər verir ki, bu barədə bazar ertəsi Türkiyənin Anadolu agentliyi M.Gülərin sözlərinə istinadən məlumat yayıb.
Sabiq nazirin sözlərinə görə, o, 2011-2013-cü illərdə daxili işlər naziri postunda olarkən Türkiyə üçün çox işlər görə bilib.
M.Gülər qeyd edib ki, 2013-cü ildə ölkədə baş verən korrupsiya qalmaqalı səbəbindən o, öz istəyi ilə istefaya gedib və parlamenti qalmaqala səbəb olan hadisələrin araşdırılması üçün xüsusi komissiya yaratmağa çağırıb.
Fevralın 6-da sabiq iqtisadiyyat naziri Zəfər Çağlayan da qarşıdakı parlament seçkilərində iştirak etmək niyyətində olmadığını bildirib.
Türkiyədə parlament seçkiləri bu il iyunun 7-də keçiriləcək.