Azərbaycan, Bakı, 21 aprel /Trend/
Soçi məhkəməsi Rusiyada yaşayan Ermənistan vətəndaşı Aşot Arakelyanın 20 min rubl cərimə olunması barədə qərar çıxarıb.
Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, A.Arakelyan Kremldə partlayış hazırlanması ilə bağlı polisə yalan məlumat verib.
Bu il yanvarın 15-də baş verən insidentə görə, Arakelyan barəsində bir neçə aylıq nəzarət qərarı çıxarılıb.
"Məhkəmədə müəyyən olunub ki, Rusiya Federasiyasında qanunsuz məskunlaşan Arakelyan özünə diqqət cəlb etmək məqsədi ilə növbətçi hissəyə zəng edib və Kremldə partlayış hazırlanması ilə bağlı yalan məlumat verib", - deyə məhkəmədən verilən açıqlamada bildirilir.
Əvvəlcə məhkəmə 100 min rubl cərimə müəyyən edib, lakin Arakelyanın bir müddət təcridxanada qalmasını nəzərə alaraq, sonradan cərimənin məbləğini azaldıb.