Bakı. Trend:
Türkiyənin "BOTAŞ" dövlət şirkəti Filyos zavodundan Qara dəniz qazını qəbul edəcək qaz ölçmə məntəqəsinin tikintisini, eləcə də bu stansiyanı ölkənin milli qazpaylama sistemi ilə birləşdirən 36 km quruda boru kəmərinin çəkilməsini başa çatdırıb.
Trend-in məlumatına görə, Türkiyə Qara dəniz şelfindəki Sakarya qaz yatağının işlənməsini aktiv şəkildə davam etdirir.
Qara dənizdəki Sakarya yatağından qaz bu ilin birinci rübündə (martın sonunda) Türkiyədəki istehlakçılara getməyə başlayacaq.
Qara dənizdəki Sakarya yatağında işləri Türkiyə Neft Şirkəti (TPAO) "BOTAŞ" dövlət şirkəti ilə birgə əməkdaşlıqda həyata keçirilir.
Qaz sahildən təxminən 170 km aralıda yerləşən yataqdan xüsusi boru kəməri ilə Filyos zavoduna nəql olunacaq.
"BOTAŞ" şirkəti Filyos zavodundan Qara dəniz qazını qəbul edəcək qaz ölçmə stansiyasının tikintisini tamamlayıb.
Birinci mərhələdə 10 milyon kubmetr qaz vurulacaq. Lakin stansiyanın potensialı sutkada 50 milyon kubmetrə çatır. Qaz ölçmə məntəqəsi təxminən bir il ərzində tikilib və ilk sınaqlara hazırdır.