Bakı. Trend:
Evi dağılan, ağır və ya orta dərəcədə zədələnən vətəndaşlara aylıq 2 min lirə kirayəhaqqı ödəniləcək.
Trend-in məlumatına görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
O qeyd edib ki, zəlzələdən öncə ev sahibi olanlara 5 min lirə, kirayədə qalanlara isə 2 min lirə kirayə yardımı ediləcək.
"Bu işlərlə bağlı 100 milyard lirə ayırdıq. Dağıntıların təmizlənməsi işlərindən sonra tikinti işlərinə başlayacağıq", - deyə R.T.Ərdoğan əlavə edib.
Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.