Bakı. Trend:
Polşa hərbi qüvvələri Belarusla sərhəddə 10 min hərbçi yerləşdirmək niyyətindədir.
Trend xəbər verir ki, bu barədə Polşanın milli müdafiə naziri Mariuş Blaşak Polşa radiosuna müsahibəsində deyib.
"Sərhəddə 10 minə yaxın əsgər yerləşdiriləcək, 4 mini birbaşa olaraq sərhəd mühafizəsini dəstəkləyəcək, 6 mini isə bölgədə olacaq", - o deyib.
Blaşakın sözlərinə görə, Polşa ordusu aktiv şəkildə inkişaf edir və müasir təchizatlarla silahlanır.
"İki il ərzində bizim ordumuz Avropanın ən güclü ordusu olacaq", - deyən nazir Polşanın silahlı qüvvələrinin sayının artıq 170 min hərbçidən ibarət olduğunu vurğulayıb.
Qeyd edək ki, bundan əvvəl Belarus prezidenti Aleksandr Lukaşenko "Vaqner" özəl hərbi şirkətinin qüvvələrinin ölkə ərazisində Belarus ordusuna hərbi təlim keçmək məqsədilə yerləşdirildiyini bildirib.