Bakı. Trend:
Gürcüstan hakimiyyəti Avropa İttifaqından idxal edilən avtomobillərin Rusiyaya ixracına, reeksportuna və ya tranzitinə qadağa qoyub.
Bu barədə Trend-ə Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin mətbuat xidmətindən məlumat verilib.
“Bəli, həqiqətən də, əvvəllər deyildiyi kimi, sentyabrın 26-dan Avropadan gətirilən avtomobillərin Rusiyaya ixracına, reeksportuna və ya tranzitinə qadağa tətbiq olunacaq”, - deyə mətbuat xidmətinin əməkdaşı bildirib.
Qeyd edək ki, söhbət mühərrikinin həcmi 1,9 kubmetrdən çox olan avtomobillərdən gedir. Qadağa hibrid avtomobillərə və elektromobillərə də şamil edilir.
Gəlirlər Xidməti əlavə edib ki, məhdudiyyətlər Avropa İttifaqının Rusiyaya qarşı qəbul etdiyi 11-ci sanksiyalar paketinə görə qüvvəyə minib.