Bakı. Trend:
İsrailin təhlükəsizlik xidmətləri Qəzza zolağına çatdırılan bütün humanitar yardımları yoxlayır və bu yüklərin HƏMAS-ın əlinə keçdiyinə dair hər hansı fakt aşkarlanarsa, yardımların qarşısı alınacaq.
Trend xəbər verir ki, bu barədə İsrailin baş naziri Benyamin Netanyahunun dəftərxanası məlumat yayıb.
"Qida və dərman vasitələri Misirdən daxil olur, yoxlanışdan keçir və İsrailin təhlükəsizlik xidmətlərinin əməkdaşları tərəfindən nəzarət olunur. Çatdırılan bütün yardımlar mülki əhali üçün nəzərdə tutulub. HƏMAS-ın onları götürdüyü aşkarlanarsa, tədarüklər dayandırılacaq", - məlumatda deyilir.
Xatırladaq ki, oktyabrın 7-də İsrailə hücumlar olunub. Əvvəlcə Qəzza bölgəsindən reaktiv mərmilərlə kütləvi atəş açılıb, daha sonra döyüşçülər əraziyə qurudan, havadan və sudan daxil olublar.
İsrail müharibə vəziyyəti elan edib. Bundan başqa, İsrailin müdafiə naziri Yoav Qallant ehtiyatda olan hərbçilərin kütləvi çağırışını elan edib.
İsrail hökuməti ərazinin blokadaya alındığını elan edərək su təchizatı, məhsul, yanacaq, dərman vasitələri və elektrik enerjisi tədarükünün qarşısını alıb. Qəzza zolağında yeganə fəaliyyət göstərən nəzarət-buraxılış məntəqəsi Misirlə sərhəddə yerləşən "Rafah" nəzarət-buraxılış məntəqəsidir. "Rafah" nəzarət-buraxılış məntəqəsi məhdud rejimdə fəaliyyət göstərir.
Bu yaxında BMT-nin Ümumdünya Ərzaq Proqramından verilən məlumata görə, təxminən 1,1 milyon insana ərzaq yardımı çatdırılması üçün qarşıdakı iki ay ərzində Qəzzaya hər gün 40 yük avtomobil daxil olmalıdır.
Qeyd olunur ki, Qəzza əhalisinin artan ehtiyaclarını qarşılamaq üçün davamlı yardımlara ehtiyac var. Hazırda Qəzzada yaşanan yanacaq qıtlığı ərzaq yardımlarının dayanmasına səbəb ola bilər. Yanacaq tədarükü çörək istehsalı, istiliklə təminat və yardımların nəqliyyat vasitələri ilə müvafiq yerlərə daşınması üçün mühüm əhəmiyyət kəsb edir.