Bakı. Trend:
Qara dənizdə kəşf edilən 710 milyard kubmetr təbii qazı boru kəmərləri ilə quruya çıxaran TPAO, dənizin ortasındakı qazı emal etmək üçün Braziliyadan dörd futbol sahəsi böyüklüyündə nəhəng platforma gəmisi alıb.
Trend-in TurkicWorld-ə istinadən məlumatına görə, Braziliyadan alınan və avadanlıqlarının modernləşdirilməsi üçün Sinqapurda olan gəmi 2025-ci ilin iyununda Türkiyəyə gətiriləcək.
Sözügedən platformanın eni 360 metr, başqa sözlə, təxminən dörd futbol meydançası ölçüsündə olacaq. Üzən platforma ilə Qara dənizin dərinliklərindən gələn xam qaz dənizin ortasında emal edilərək yeni boru kəmərləri ilə quruya nəql ediləcək. Faza-1 çərçivəsində 10 milyon kubmetr hasilatın ardından bu platforma ilə hasilat Faza-2 çərçivəsində 20 milyon kubmetrə yüksələcək.
Gəmiyə bənzər platformanın mühərriki olmayacaq və gəmilər tərəfindən yedəyə alınaraq Türkiyəyə gətiriləcək. Platforma təkcə dənizdə xam qazı emal etməyəcək, eyni zamanda, platformada işləyəcək texniki işçilər üçün hər cür yaşayış sahəsi də olacaq. Platforma istifadə olunmağa başlayan kimi xaricdən ekspert qrupları gətiriləcək. Norveçdən gələn bu mütəxəssis komandalar türk komandalarına da təlim keçəcək. Oxşar platformanın sıfırdan qurulmasının təxminən 5 il çəkəcək.
Bu platforma ilə Türkiyə adını dünya liqasında əhəmiyyətli bir yerə yazdıracaq, belə ki ABŞ, Rusiya, Braziliya, Norveç və Malayziyadan sonra bu platformaya sahib olan altıncı ölkə olacaq.
Artıq platforma üçün ad təklifləri müzakirə olunmağa başlayıb. Platformaya Cümhuriyyətin 100 illiyi münasibəti ilə “Cümhuriyyət” adı verilə biləcəyi iddia edilir. Adla bağlı son qərarı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın verəcəyi bildirilib.