Bakı. Trend:
İsrail kəşfiyyatının (Mossad) rəhbəri David Barnea HƏMAS tərəfindən saxlanılan girovların azad edilməsi barədə yeni sazişin müzakirəsi üçün Avropaya göndərilib.
Trend “The Times of Israel” qəzetinə istinadən xəbər verir ki, David Barnea burada Qətərin baş naziri Məhəmməd bin Əbdül Rəhman Əl Tani ilə görüşəcək.
Bu, bir həftəlik atəşkəs rejimi başa çatdıqdan sonra İsrail və Qətər nümayəndələri arasında ilk görüş olacaq.
İsrail televiziyasının 13-cü kanalı isə öz növbəsində İsrailin hərbi nazirlər kabinetinin fikir ayrılığına görə, “Mossad” rəhbərini girovların azad olunması üzrə yeni müqavilə barədə mümkün danışıqlara göndərməmək qərarına gəldiyini iddia edib. Eyni zamanda, İsrailin baş naziri Binyamin Netanyahu və müdafiə naziri Yoav Qalant Qəzza sektorunda hərbi əməliyyatları davam etdirməyi və HƏMAS hərəkatından yeni sazişə dair müvafiq siqnal gözləməyi zəruri hesab edir.
Dekabrın 15-də David Barnea ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Ceyk Sallivanla Təl-Əviv şəhərində görüşüb. Görüşdə Qəzza sektorunda girovların vəziyyəti müzakirə olunub.