Bakı. Trend:
Nigeriya ordusu ölkənin şimal-qərbindəki təhsil müəssisəsindən qaçırılan 16 şagirdi və 1 məktəb işçisini azad edib.
Trend-in məlumatına görə, bu barədə Sokoto ştatının qubernatoru Əhməd Aliyu Sokoto bildirib.
"Məktəblilər ordu və regional xüsusi xidmət orqanlarının əlaqələndirilmiş əməliyyatı nəticəsində sərbəst buraxılıblar", - deyə Kanal TV onun sözlərini sitat gətirib.
Əməliyyatın təfərrüatları açıqlanmasa da, təhsil müəssisəsinin nümayəndəsi Liman Abubakar silahlılara heç bir vəd verilmədiyini bildirib. "Oğurlayanlarla heç bir əlaqə olmayıb”, - deyə o, əlavə edib.
Qeyd edək ki, Sokoto ştatında quldurlar məktəb yataqxanasına hücum edərək, 16 məktəblini və təhsil müəssisəsinin 1 əməkdaşını oğurlamışdılar.