Bakı. Trend:
Rumıniyada keçirilən prezident seçkilərinin birinci turunda millətçi “Rumınların Birləşməsi Uğrunda” Alyansın lideri Corc Simion səsvermədə lider olub.
Trend-in məlumatına görə, Exit-poll nəticələrinə əsasən, Simion 30–33 faiz civarında səs toplayaraq birinci yerə çıxıb.
Sosial Demokrat Partiyası, Milli Liberal Partiyası və Rumıniyada Macarların Demokratik İttifaqından ibarət hakim koalisiyanın birgə namizədi Krin Antonesku və müstəqil namizəd, Buxarestin meri Nikuzor Dan isə hər biri təxminən 23 faiz səslə ikinci yeri bölüşürlər.
Avangard Sosial və Davranış Araşdırma Qrupunun açıqladığı ilkin nəticələrə görə, Simion 30%, Antonesku və Dan isə hərəyə 23% səs yığıb. CURS-un exit-poll nəticələrində isə Simion 33,1%, Antonesku 22,9%, Dan isə 20,9% səslə qiymətləndirilib.
Seçici fəallığı 53,18% təşkil edib. Bu nəticələr prezident seçkilərinin ikinci turunun keçiriləcəyini deməyə əsas verir.