Bakı. Trend:
Bakı marafonu yaradıcı insanları və idmançıları bir araya gətirərək, Azərbaycan və digər ölkələrdən minlərlə insan üçün böyük bir bayrama çevrildi.
Bu barədə Trend-ə marafonun fəxri iştirakçısı, Azərbaycanın xalq artisti, müğənni və bəstəkar Tünzalə Ağayeva bildirib.
“Mən özüm də aktiv şəkildə idmanla, pilates və yoga ilə məşğul oluram və hər bir marafon iştirakçısı öz nümunəsi ilə iradəsini və sağlam həyat tərzinə meyilliliyini göstərir. Ənənəvi marafon artıq ölkəmizin həyatında mühüm bir hadisəyə çevrilib və yalnız müsbət emosiyalar bəxş edir”, – deyə Xalq artisti vurğulayıb.
Qeyd edək ki, bu gün Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Bakı Marafonu 2025” start götürüb. İştirakçılar Bayraq meydanından yarışa başlayıblar.
“Küləyə qalib gəl” şüarı altında keçirilən “Bakı Marafonu 2025” üçün bu il rekord sayda — 28 minədək iştirakçı qeydiyyatdan keçib. Marafon 21 kilometr məsafəni əhatə edəcək.