...

Azərbaycan və Böyük Britaniya arasında iqtisadi əməkdaşlıq müzakirə edilib

Siyasət Materials 3 May 2025 04:55 (UTC +04:00)
Azərbaycan və Böyük Britaniya arasında iqtisadi əməkdaşlıq müzakirə edilib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Böyük Britaniyada səfərdə olan Azərbaycanın xarici işlər nazirinin müavini Yalçın Rəfiyev Birləşmiş Krallığın Avropa, Şimali Amerika və dənizaşırı ərazilər üzrə dövlət naziri Stiven Dauti ilə regional sabitlik, iqtisadi əməkdaşlıq və iqlim məsələləri üzrə danışıqlar aparıb.

Trend xəbər verir ki, britaniyalı nazir sosial şəbəkədə paylaşım edərək görüşü müsbət qiymətləndirib: “Birləşmiş Krallıq Azərbaycanın yaxın tərəfdaşıdır. Bu həftə Yalçın Rəfiyevlə görüşüb regional sabitlik, iqtisadi əməkdaşlıq və iqlim öhdəliklərimizin irəliləməsini müzakirə etmək yaxşı oldu”.

Dauti, həmçinin, Bakı ilə İrəvan arasında sülh sazişinin mümkün qədər tez imzalanması yönündə Birləşmiş Krallığın dəstəyini bir daha ifadə edib.

Azərbaycanlı diplomat isə cavab paylaşımında iki ölkə arasında tərəfdaşlığın möhkəm təməl üzərində qurulduğunu qeyd edərək, bu əsasın düzgün şəkildə istifadə olunduqda ümumi maraqların irəliləməsinə böyük imkanlar yaratdığını vurğulayıb.

Rəfiyev, həmçinin, ötən il Bakıda keçirilmiş BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29-da Birləşmiş Krallığın konstruktiv rolunu yüksək qiymətləndirib: “Birləşmiş Krallığın konstruktiv iştirakı COP29-da irəliyə doğru nəticələrin əldə olunmasında son dərəcə əhəmiyyətli olmuşdur”.

Xatırladaq ki, aprelin 29-da Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla Stiven Dauti arasında telefon danışığı da baş tutmuşdu.

Qeyd edək ki, Böyük Britaniyada dövlət naziri (Minister of State) faktiki olaraq profil üzrə nazirin müavini hesab olunur və nazirlik daxilində spesifik sahələrə nəzarət edir. O, hökumətin siyasətinin formalaşdırılmasında və beynəlxalq təmsilçilikdə mühüm rol oynayır.

Xəbər lenti

Xəbər lenti