Bakı. Trend:
Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) təşkilatçılığı, Azərbaycan Respublikasının Gənclər Fondu və Azərbaycan İnnovasiya Mərkəzinin tərəfdaşlığı ilə Bakıda ilk dəfə genişmiqyaslı “Gənclər üçün Süni İntellekt Forumu” keçirilir. Tədbirin əsas məqsədi gənclərin müasir texnologiyalar, xüsusilə də süni intellekt sahəsində bilik və bacarıqlarını artırmaq, onların əmək bazarına daha hazırlıqlı çıxışını təmin etməkdir.
Trend xəbər verir ki, bu sözləri GİKM-in Baş direktoru Azər Əliyev jurnalistlərə açıqlamasında bildirib.
O tədbirin əhəmiyyətini vurğulayaraq deyib ki, bu forum gənclər üçün ilk dəfə belə kütləvi miqyasda keçirilən bir inkişaf platformasıdır: "Hazırkı dövrün tələbləri gəncləri müasir trendlərə uyğunlaşmağa, rəqəmsallaşma və süni intellekt kimi sahələrdə biliklərini artırmağa səsləyir. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə rəqəmsal inkişaf və süni intellektin təşviqi istiqamətində mühüm strategiyalar həyata keçirilir və biz də bu təşəbbüslərə dəstək olaraq gənclərin bu bacarıqları mənimsəməsi üçün çalışırıq".
O bildirib ki, tədbirdə 150-dən çox gənc iştirak edir. Forumda dövlət və özəl sektor nümayəndələrinin iştirakı ilə panel diskussiyalar təşkil olunub. Spikerlər süni intellektin müxtəlif sahələrdə tətbiqi, karyera imkanları və bu sahədə gələcək perspektivlər barədə dəyərli məlumatlar paylaşırlar.
Azər Əliyev forumun həm maarifləndirici, həm də istiqamətləndirici xarakter daşıdığını qeyd edərək, bu cür tədbirlərin davamlı olmasının zəruriliyini vurğulayıb.