Bakı. Trend:
ABŞ Prezidenti Donald Trampın administrasiyası Beynəlxalq Kosmik Stansiyanın (BKS) 2030-cu ilə qədər istismardan çıxarılması ilə bağlı hazırlıqlara başlamağı təklif edir.
Trend xəbər verir ki, bu barədə məlumat ABŞ-nin 2026-cı maliyyə ili üçün Ağ Ev tərəfindən dərc olunmuş federal büdcə layihəsində əksini tapıb.
Sənəddə qeyd olunur ki, ABŞ administrasiyası federal xərcləri azaltmaq məqsədilə BKS-dəki “ekipaj sayını” və göyərtədə aparılan elmi təcrübələrin miqyasını məhdudlaşdırmaqla 508 milyon dollar qənaət etməyi planlaşdırır. Həmçinin, stansiyanın 2030-cu ilə qədər təhlükəsiz şəkildə istismardan çıxarılması və onu kommersiya kosmik stansiyaları ilə əvəzləmək üçün hazırlıqlara start verilməsi nəzərdə tutulur.
Gözlənilir ki, BKS-dəki astronavtların elmi fəaliyyəti gələcəkdə əsasən Ay və Marsın tədqiqi proqramlarına yönəldiləcək.
Qeyd edək ki, BKS 1998-ci ilin 20 noyabr tarixindən orbitdə fəaliyyət göstərir. Stansiyanın ümumi kütləsi təxminən 435 ton, dok gəmiləri ilə birlikdə isə bu rəqəm 470 tona çatır. Layihədə ABŞ, Rusiya, Kanada, Yaponiya və Avropa Kosmik Agentliyinə üzv 10 ölkə iştirak edir.