Bakı. Trend:
Bali adasında cümə günü səhər saatlarında baş verən genişmiqyaslı elektrik enerjisi kəsintisindən sonra təchizatın əksər hissəsi bərpa olunub.
Trend xəbər verir ki, bu barədə Asiya KİV-ləri məlumat yayıb.
Məlumata görə, kəsinti xüsusilə hava limanının fəaliyyətinə təsir edib. Lakin hava limanı ehtiyat generatorlardan istifadə edərək uçuşların göndərilməsi və qəbulunu davam etdirib. Sosial şəbəkələrdə qeydiyyat məntəqələrində yaranan uzun növbələri əks etdirən fotolar yayılıb.
Elektrik enerjisinin olmaması adanın yollarında da ciddi çətinliklər yaradıb. İşıqforların işləməməsi səbəbindən nəqliyyatın hərəkətində problemlər qeydə alınıb.
Dövlətə məxsus enerji operatoru PLN Bali hadisənin səbəblərini araşdırdıqlarını və enerji təchizatının tam bərpası üçün işlərin davam etdiyini bildirib. İlkin versiyaya əsasən, kəsintiyə səbəb Yava adasını Bali ilə birləşdirən sualtı elektrik kabelinin zədələnməsi olub.
XXX
01:58
İndoneziyanın populyar turizm məkanı olan Bali adasında cümə günü günortadan sonra genişmiqyaslı elektrik kəsintisi qeydə alınıb.
Trend xəbər verir ki, bu barədə “The Jakarta Post” qəzeti məlumat yayıb.
Məlumata görə, yerli vaxtla saat 16:00 radələrində baş verən qəza hava limanının fəaliyyətinə və nəqliyyatın hərəkətinə mənfi təsir göstərib. Elektrik enerjisinin olmaması bir neçə saat davam edib. Hazırda adanın əksər hissəsində enerji təchizatı bərpa olunub.
İndoneziya dövlət elektrik kommunal şirkəti PLN Balinin enerji təchizatında yaranan fasilənin səbəbini aydınlaşdırıb. Qurum bildirib ki, kəsilməyə Bali ilə Yava adasını birləşdirən sualtı elektrik kabellərinin zədələnməsi səbəb olub.