Bakı. Trend:
İsrail Hərbi Hava Qüvvələri Suriyanın müxtəlif bölgələrində yerləşən hərbi obyektlərə genişmiqyaslı zərbələr endirib.
Trend xəbər verir ki, “Al Hadath” telekanalının məlumatına görə, hücumlar əsasən Latakiya əyalətindəki Cebel əl-Şaara bölgəsini hədəfə alıb. Suriyanın “Əl Vətən” qəzetinin yaydığı məlumata əsasən, son bir neçə saat ərzində İsrail 18 ayrı-ayrı hava hücumu həyata keçirib.
Zərbələr nəticəsində Dəməşq ətrafında yerləşən Suriya ordusunun 41-ci diviziyasının mövqeləri, Dəra əyalətinin İzra şəhəri yaxınlığındakı artilleriya alayı və Həma əyalətindəki digər hərbi obyektlər hədəf alınıb. “Əl-Cəzirə”nin məlumatına görə, Dəranın Mavsabin kəndi yaxınlığında yerləşən hava hücumundan müdafiə sistemi də bombalanıb.
Son məlumatlara əsasən, hücum nəticəsində Dəməşq kənarında yerləşən Həma əyalətində bir mülki şəxs həlak olub, dörd nəfər isə yaralanıb.
Livanın “Əl Manar” telekanalı bu hücumu Suriya ərazisinə indiyə qədər həyata keçirilmiş ən güclü İsrail hava hücumu kimi dəyərləndirib.
İsrail tərəfi hələlik hücumlarla bağlı rəsmi açıqlama yaymayıb.