Bakı. Trend:
Əsas hədəf gəncləri fəal iştirakçılara çevirmək və onları müasir
çağırışlara cavab verə biləcək bacarıqlarla təchiz etməkdir.
Trend xəbər verir
ki, bunu Gənclər Fondunun icraçı direktorunun müavini vəzifəsini
icra edən Yusif Vəliyev bu gün Bakıda keçirilən “Gənclərin Süni
İntellekt Forumu”nda çıxışı zamanı deyib.
O bildirib ki, Gənclər Fondu tərəfindən təşkil olunan forumlar və layihələr yalnız ənənəvi formatlarda deyil, həm də yenilənmiş və müasir yanaşmalar əsasında həyata keçirilir:
"Gənclər Fondu olaraq biz inanırıq ki, hər bir tədbirin effektivliyi onun formasından çox, məqsədinə və təsir gücünə bağlıdır. Bugünkü Forum da buna əsaslanır. Bu səbəbdən biz gənclərin maraq dairəsinə uyğunlaşdırılmış formatlar təqdim etməyə çalışırıq".
"Bu kontekstdə təkcə seminar və panellər deyil, həm də interaktiv platformalar, rəqəmsal resurslar və yaradıcı yanaşmalar ön plandadır. Əsas məqsədimiz gəncləri süni intellektdən istifadəyə cəlb etməklə yanaşı, onları bu baxımdan maarifləndirmək və istiqamətləndirməkdir. Bunun üçün həm məzmun, həm də təqdimat üsulu baxımından çevik və çoxşaxəli yanaşma önəmlidir. Bu yanaşma Gənclər Fondunun fəaliyyətində innovativliyin və gənclərlə dinamik əlaqənin prioritet olduğunu bir daha təsdiqləyir”- deyə o əlavə edib.