Bakı. Trend:
Bu il eyni zamanda Azərbaycan jurnalistikası üçün mühüm əhəmiyyət kəsb edən, yaddaqalan illərdən hesab olunur. Zəngin və şərəfli inkişaf yolu keçmiş Azərbaycan milli mətbuatı bu il özünün 150 illik yubileyini qeyd edir.
Trend xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov qurumun təşkilatçılığı ilə baş tutan “İctimai proseslər media müstəvisində” mövzusunda 2-ci Forumun açılış mərasimində çıxışı zamanı deyib.
“Fürsətdən istifadə edərək, bu əlamətdar tarixi hadisənin yüksək səviyyədə qeyd edilməsi ilə bağlı imzaladığı tarixi sərəncama və peşəkar jurnalistikanın inkişafına göstərdiyi daimi diqqət və qayğısına görə Prezident İlham Əliyevə ölkəmizin media ictimaiyyəti adından təşəkkürümüzü bildirmək istərdik”, - deyə o bildirib.
İcraçı direktor xatırladıb ki, 1875-ci ildə maarifçi və publisist Həsən bəy Zərdabi tərəfindən nəşr olunmağa başlayan “Əkinçi” qəzeti iki ilə yaxın fəaliyyəti dövründə mütərəqqi fikirli ziyalıları öz ətrafında birləşdirmiş, elm, maarif, mədəniyyət, incəsənət və kənd təsərrüfatının inkişafı ilə bağlı məqalələr dərc etmiş, xalqın mədəni tərəqqisi uğrunda mübarizə aparmışdır:
“Maarifçilik xüsusiyyətləri ilə seçilən bu qəzet milli mətbuatın müasirləşmə, məfkurə saflığı, ümummilli məqsədlərin təbliği, ədəbi dilin zənginləşməsi, hadisələrin obyektiv işıqlandırılması kimi təməl yaradıcılıq prinsiplərini təcəssüm etdirən məktəb səviyyəsinə yüksəlmişdir.
Mediamız özünün təməl funksiyalarını yalnız ölkəmiz müstəqillik əldə etdikdən sonra yerinə yetirməyə başlamış və mövcud tarixi şəraitdə müstəqil media təsisatlarının əsası qoyulmuşdur. Bu baxımdan Ümummilli Lider Heydər Əliyev tərəfindən Azərbaycanda senzuranın ləğv edilməsi plüralizmin genişlənməsinə, jurnalistikanın inkişafına yeni nəfəs vermiş, əlverişli şərait yaratmışdır.
Yeri gəlmişkən vurğulamaq istərdik ki, Azərbaycan milli mətbuatının yubileylərinin ölkə səviyyəsində qeyd edilməsinin əsası ilk dəfə Ulu Öndərin 2000-ci ildə imzaladığı Fərmanla qoyulmuşdur və bu gün də bu ənənə layiqincə davam etdirilməkdədir”.
Ə.İsmayılov bildirib ki, medianın peşəkarlığının artırılması, iqtisadi dayaqlarının gücləndirilməsi Azərbaycan dövlətinin bütün inkişaf mərhələlərində informasiya siyasətinin prioritetləri sırasında olmuşdur.
Bunun bariz nümunəsi kimi Prezident cənab İlham Əliyevin 2021-ci ilin yanvarın 12-də “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərmanı ilə medianın inkişafında yeni bir mərhələnin başlanmasını göstərmək olar. Medianın İnkişafı Agentliyinin yaradılması da məhz bu istiqamətdə həyata keçirilən quruculuq prosesinin tərkib hissəsi olmuşdur.
Prezident İlham Əliyev bu ilin yanvarında ölkəmizin televiziya kanallarına müsahibəsində Vətən müharibəsində möhtəşəm qələbəmizin hər bir vətəndaşımızın həyatında dərin iz buraxdığını bildirmiş, qalib ölkənin nümayəndəsi olmağın özlüyündə məsuliyyətli və şərəfli hiss doğurduğunu xüsusi vurğulamışdır. Dövlət başçımızın qeyd etdiyi məsuliyyət və qürur hissi Azərbaycan mediasının gündəlik işində özünü əks etdirən başlıca peşəkarlıq meyarına, həyat amalına çevrilmişdir.
Vətən müharibəsində ölkəmiz haqqında həqiqətləri dünyaya çatdırmaq üçün informasiya cəbhəsinin əsgəri kimi çalışan jurnalistlərimiz hazırda böyük şərəf hissi ilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonunda aparılan geniş miqyaslı quruculuq işləri, Böyük Qayıdış prosesi barədə materiallar hazırlayır, eyni zamanda, informasiya mühitimizə kənar müdaxilələrə vaxtında və layiqli cavab verərək dezinformasiya axınının zərərli təsirlərinin azaldılmasında maarifçilik fəaliyyətini davam etdirir.
Öz növbəsində, son illərdə media və kommunikasiya fəaliyyətinin müasir formada təşkil edilməsinin nəticəsidir ki, ölkəmizə qarşı qarayaxma kampaniyaları aparan tərəflərin həqiqi niyyətləri yerli mediada operativ formada ifşa olunur, cəmiyyətdə neqativ xəbər axınına qarşı dayanıqlı təbii müqavimət – informasiya immuniteti gücləndirilir.
Yeri gəlmişkən, həmişə hər bir mətbuat qurumunu, ilk növbədə, obyektiv və qərəzsiz olmağa səsləyən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın vurğuladığı kimi “mətbuat öz xalqının və dövlətinin maraqlarını hər şeydən üstün tutmalıdır və cəmiyyətdə mərhəmət, ədalət prinsiplərini təbliğ etməlidir”, - deyə o qeyd edib.