...

Aqroparkların inkişafı innovativ və bioloji üsulların tətbiqi ilə dəstəklənməlidir - Muxtar Babayev

İqtisadiyyat Materials 2 May 2025 10:07 (UTC +04:00)
Aqroparkların inkişafı innovativ və bioloji üsulların tətbiqi ilə dəstəklənməlidir - Muxtar Babayev
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Aqroparkların inkişafı innovativ və bioloji üsulların tətbiqi ilə dəstəklənməlidir.

Trend xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev bu gün Bakıda keçirilən Aqrobiznesin İnkişafı Forumunda deyib.

"Ümumdünya Meteorologiya Təşkilatı (WMO) və FAO-nun məlumatına görə, son 30 ildə baş verən fəlakətlər kənd təsərrüfatında təxminən 3,8 ABŞ trilyon dolları, yəni hər il orta hesabla 123 milyard ABŞ dolları və ya illik qlobal kənd təsərrüfatı ÜDM-nin 5%-i qədər zərərə səbəb olub", - o əlavə edib.

O bildirib ki, iqlim dəyişikliyi şəraitində kənd təsərrüfatının dayanıqlı inkişafı üçün tədqiqat və yeni texnologiyaların tətbiqi böyük əhəmiyyət daşıyır:

"Fermerlər üçün qənaətli əkinçilik və innovativ suvarma üsulları suya və vaxta ciddi qənaət etməyə imkan verir.
İqlim dəyişiklikləri kənd təsərrüfatına mənfi təsir göstərdiyi kimi, kənd təsərrüfatı fəaliyyəti də iqlim dəyişikliklərinə səbəb olan amillərdən biridir. Hazırda qlobal səviyyədə yaranan istixana qazlarının təxminən 20%-i məhz bu sahə ilə əlaqədardır.

Azərbaycanda kənd təsərrüfatını iqlim dəyişikliklərinə uyğunlaşdırmaq üçün əsas addımlar su və torpaq resurslarının səmərəli idarə olunması, suvarma sistemlərinin modernləşdirilməsi, su itkilərinin azaldılması və torpaq münbitliyinin qorunması ilə bağlıdır. Eyni zamanda, məhsuldarlığı artırmaq üçün quraqlığa, şoranlığa və istiliyə davamlı bitki sortlarının yetişdirilməsi və müasir aqrotexniki tədbirlərin tətbiqi mühüm əhəmiyyət daşıyır".

"Eyni zamanda, aqroparkların inkişafı ekoloji və iqtisadi cəhətdən dayanıqlı istehsalın təşkili ilə yanaşı, su, gübrə və pestisidlərin istifadəsində innovativ və bioloji üsulların tətbiqi ilə dəstəklənməlidir.

Bu sahədə dövlət və özəl sektorun birgə fəaliyyəti vacibdir. Bu əməkdaşlıq çərçivəsində yeni texnologiyalar və rəqəmsal həllər tətbiq olunmalı və məhsuldarlıq artırılmalıdır.

İqlim dəyişiklikləri ilə mübarizə geniş, əlaqələndirilmiş və uzunmüddətli tədbirlər tələb edir. Kənd təsərrüfatında bu təsirləri azaltmaq üçün fermerləri məlumatlandırmaq və onların istehsal vərdişlərini iqlim şəraitinə uyğunlaşdırmaq vacibdir", - deyə M. Babayev vurğulayıb.

"Ötən il beynəlxalq ictimaiyyətin diqqəti ölkəmizə, xüsusilə ətraf mühitin mühafizəsi və iqlim dəyişikliklərinin qarşısının alınması sahəsində görülən işlərə yönəlmişdi. Qlobal iqlim müzakirələrinin ən ali platforması olan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına ev sahibliyinin Azərbaycana həvalə olunması isə göstərilən yüksək etimadın, beynəlxalq təşkilatlarla qurulan uğurlu əməkdaşlığın bariz nümunəsidir.

COP29-a ev sahibliyi etməklə ölkəmiz enerji, şəhərsalma, maliyyə, kənd təsərrüfatı, insan kapitalının inkişafı və digər sahələri əhatə edən qlobal təşəbbüslərə start verib. Bu təşəbbüslər iqlim dəyişikliklərinə qarşı inklüziv yanaşmaları özündə birləşdirir.

COP29 Sədrliyi, Kənd Təsərrüfatı Nazirliyi və FAO-nun birgə təşəbbüsü ilə təqdim olunan “Fermerlər üçün Bakı Harmoniya İqlim Təşəbbüsü” qadın və gənc fermerlərin imkanlarının artırılması, iqlimə davamlı kənd icmalarının qurulması və bilik mübadiləsinin gücləndirilməsi üçün yaradılmışdır. Bu təşəbbüs 90-dan çox qlobal və regional proqramı bir araya gətirərək kənd yerlərində dayanıqlı inkişafı dəstəkləyir və investisiyaların bu sahəyə yönəldilməsinə köməklik edir", - M. Babayev əlavə edib.

O, bu təşəbbüsün hazırlanması və icrasında liderlik edən Kənd Təsərrüfatı Nazirliyinin fəaliyyətini yüksək qiymətləndirib:

"Nazirlik ölkə daxilində olduğu kimi, beynəlxalq müstəvidə də kənd təsərrüfatının inkişafı və iqlimə uyğunlaşma sahəsində mühüm nailiyyətlərə imza atmaqdadır.

Konfrans çərçivəsində iqlim maliyyəsinin artırılması istiqamətində Yeni Kollektiv Kəmiyyət Hədəfi (NCQG) razılaşdırılmışdır. COP29 zamanı təqdim edilən Bakı Maliyyə Hədəfi əvvəlki 100 milyard ABŞ dollarlıq illik öhdəliyi üçqat artıraraq 300 milyard ABŞ dollarlıq yeni illik hədəf müəyyən etmiş və 2035-ci ilə qədər bu məbləğin 1.3 trilyon ABŞ dollara çatdırılması məqsədi irəli sürülüb.

Bu maliyyənin iqlimə dayanıqlığın artırılması məqsədilə inkişaf etməkdə olan ölkələrə, xüsusilə ən az inkişaf etmiş ölkələrə (LDCs) və kiçik ada inkişaf etməkdə olan dövlətlərə (SIDS) əlçatanlığının təmin edilməsi əsas prioritet kimi müəyyən olunub.

COP29 nəticəsində yeni maliyyə mexanizmi kimi Zərər və İtki Fondu fəaliyyətə başlamışdır. Bu fond, iqlim dəyişikliklərindən ən çox zərər görən həssas bölgələr və fermer icmaları üçün xüsusi dəstək imkanları yaradır".

"Bununla yanaşı, COP29 zamanı karbon bazarları ilə bağlı illərlə davam edən danışıqların başa çatmış, Paris Sazişinin 6-cı maddəsi üzrə bazar və qeyri-bazar əməkdaşlığını tənzimləyən qaydalar qəbul edilmişdir. Bu, karbon bazarları vasitəsilə ildə 1 trilyon ABŞ dolları vəsaitin səfərbər olunmasına və ölkələrin iqlim planlarının icrasına çəkilən xərclərin 250 milyard ABŞ dollarınadək azalmasına imkan verəcək. Kənd təsərrüfatında da emissiyaların azaldılması, torpaq və su ehtiyatlarının qorunması məqsədi ilə bu mexanizmlərdən istifadə edilə bilər.

Hazırda ölkəmizdə karbon bazarlarında iştirakını genişləndirmək üçün müvafiq hüquqi və institusional çərçivənin yaradılması istiqamətində işlər görülür. Bu, kənd təsərrüfatında aşağı karbonlu texnologiyaların tətbiqi və yaşıl investisiyaların cəlb olunması üçün yeni imkanlar yaradacaqdır", - deyə M. Babayev qeyd edib.

Xəbər lenti

Xəbər lenti