Bakı.Trend:
“Apple” şirkəti ABŞ-də satılacaq əksər “iPhone”ların və digər cihazların istehsalını Çindən kənara çıxarmaqda olduğunu bəyan edib.
Trend xəbər verir ki, bu barədə şirkətin baş direktoru Tim Kuk açıqlama verib.
Onun sözlərinə görə, ABŞ bazarı üçün nəzərdə tutulan “iPhone”ların əksəriyyəti Hindistanda istehsal olunacaq, “iPad” və “Apple Watch” kimi məhsullar üçün isə Vyetnam əsas istehsal mərkəzinə çevriləcək.
“Apple”ın istehsalat müəssisələrini Çindən çıxarmağına səbəb ABŞ və Çin arasında gedən ticarət müharibəsidir. Tramp administrasiyası Çin mallarına yüksək idxal rüsumu tətbiq etdiyindən şirkətin cari rübdə gömrük rəsmiləşmələri üçün əlavə 900 milyon dollar vəsait xərcləməli olacağı ehtimal edilir.
Ağ Ev rəhbəri Donald Tramp dəfələrlə bildirib ki, "Apple" istehsalı ABŞ-yə keçirməlidir.