Bakı. Trend:
Azərbaycan aqrar innovasiyaların uğurlu inkişafını və necə real nəticələr gətirdiyini əyani şəkildə nümayiş etdirir.
Trend xəbər verir ki, bunu BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Avropa və Mərkəzi Asiya üzrə regional nümayəndəsinin müavini Nəbil Gənci Bakıda keçirilən IV Aqrobiznesin İnkişafı Forumunda etdiyi çıxış zamanı bildirib.
“Müasir kənd təsərrüfatı təcrübələri beynəlxalq standartlara uyğun şəkildə tətbiq olunur, bu da ərzaq istehsalının təhlükəsizliyi, əlçatanlığı və dayanıqlılığının artırılmasına xidmət edir. Son beş ildə ölkəyə səfərlərim zamanı bu irəliləyişi şəxsən müşahidə etmişəm. Məhsuldarlığın və səmərəliliyin artırılması üçün qabaqcıl texnologiyalardan – dəqiq alətlərdən tutmuş kənd təsərrüfatı proseslərinin intellektual idarəetmə sistemlərinədək – geniş istifadə olunur”, – deyə o bildirib.
N.Gəncinin sözlərinə görə, FAO Avropa və Mərkəzi Asiya üzrə bütün regionda hökumətlərlə, elmi-tədqiqat institutları ilə, özəl sektor və fermerlərlə əməkdaşlıq edərək, hər bir ölkə və regionun xüsusiyyətlərinə uyğunlaşdırılmış ağıllı və genişlənə bilən həlləri həyata keçirir. Bu, “Rəqəmsal kəndlər” təşəbbüsü və iqlimə dayanıqlı kənd təsərrüfatı təcrübələri proqramları kimi layihələr vasitəsilə reallaşdırılır.
O, həmçinin bildirib ki, COP29 zamanı Azərabycan qlobal iqlim gündəminin formalaşdırılmasında həlledici rol oynayıb. FAO rəsmisinin sözlərinə görə, o meydançada qəbul olunan beynəlxalq öhdəlikləri - tarlalarda, fermalarda və ərzaq sistemlərində - real nəticələrə çevirmək olduqca vacibdir.