Bakı. Trend:
Azərbaycanda daha bir neçə təsərrüfat sahələri üzrə subsidiya ödənişlərinin həyata keçirilməsi nəzərdə tutulur.
Trend xəbər verir ki, bu barədə Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) Dövlət dəstəyi şöbəsinin müdiri Rəşad Fətdahov bu gün Bakıda IV Aqrobiznesin İnkişafı Forumu çərçivəsində keçirilən dəyirmi masada məlumat verib.
O bildirib ki, bu il Qarabağ zonasında müasir suvarma sistemi ilə təmin edilmiş əkin sahələrində taxıl bitkiləri üzrə 400 manat subsidiya ödənişi həyata keçirilib və bu proses davam edir:
"Amma müasir suvarma sistemi olmayan ərazilərdə subsidiya ödənişləri 140 manatdan hesablanır. Azərbaycanın digər ərazilərində isə müasir suvarma sistemləri ilə təchiz olunmuş taxıl əkin sahələrində bu əmsal bir hektar üzrə 290 manat təşkil edir. Suvarma sistemləri olmayan taxıl əkin sahələri üzrə isə bu məbləğ 230 manatdan hesablanır".
Agentlik rəsmisinin sözlərinə görə, tarlaqoruyucu zolaqların salınması ilə məşğul olan fermerlərə də biz bu ildən etibarən subsidiya ödənişləri həyata keçiriləcək: "Amma burada fermerlər müəyyən şərtlərə əməl etməlidirlər. Belə ki, həmin əkin sahələri damcı suvarma sistemləri ilə təchiz olunmalıdır, tarlaqoruyucu zolaq minimum 1500 tingdən ibarət olmalıdır və s. Bu şərtlə yerinə yetirildikdən sonra biz tarlaqoruyucu zolağın bir hektarına görə 1000 manat subsidiya ödənişi həyata keçirəcəyik".
"Bu il üçün daha bir yenilik məhsul subsidiyası ilə bağlıdır. Kənd Təsərrüfatı Nazirliyi olaraq pambıq, şəkər çuğunduru, tütün məhsullarına görə subsidiya ödəyirdik və bu davam edəcək. Son iki ildə ərzaqlıq buğdaya görə də subsidiya ödənişləri həyata keçiririk. Bu ildən etibarən isə soya, qarğıdalı və günəbaxan bitkilərinə də məhsul subsidiyası ödəniləcək. Soya bitkisinə əvvəllər əkin subsidiyası ödənilirdi. Bu ildən etibarən isə sadəcə məhsul subsidiyası kimi ödənişlər olunacaq. Amma qarğıdalı və günəbaxan məhsullarına görə isə həm əkin, həm də məhsul subsidiyası ödəniləcək", - deyə R. Fətdahov vurğulayıb.
Onun sözlərinə görə, soya üzrə müasir suvarma sistemləri ilə təchiz olunan sahələrdə bir hektar üzrə subsidiya ödənişi üzrə əmsal 120 manatdan, bu sistemlə təchiz olunmayan sahələrdə isə bir hektar üzrə əms 100 manatdan hesablanacaq: "Lakin qarğıdalı və günəbaxan məhsullarında belə bir tələb yoxdur. Hazırda bu məhsulları təhvil verən fermerlərə ton üzrə 50 manat subsidiya ödənişləri icra olunacaq.
Daha bir yenilik yeni salınmış bağlarla bağlıdır. Məqsəd ixrac potensialını artırmaqdır. Təbii ki, bu bağların salınması ilə bağlı birdəfəlik ödənişlər üçün müəyyən tələblər var. Bu tələblərə, demək olar ki, bütün bağlar üzrə damcı suvarma sistemlərinin tətbiqi, sığortalanması, torpaq analizi və s. daxildir".
"Bu il üçün Naxçıvan Muxtar Respublikasında yeni salınmış bağlara - alma, armud, badam, püstə, gilas və s. birdəfəlik məhsul ödənişləri həyata keçiriləcək. Lakin həmin bağlar üzrə müəyyən tələblərə riayət edilməlidir ki, fermerlər bu ödənişlərdən faydalana bilsinlər. Bu qaydalara minimal ting sayına riayət etməli, həmin tinglər sertifikasiyadan keçmiş olmalıdır. Eyni zamanda bağlarda hündürlük, sıra məsələlərinə diqqət edilməlidir", - R. Fətdahov qeyd edib.