Bakı. Trend:
Məhkəmə qərarlarının icrası istiqamətində mühüm nəticələr əldə edilib. Belə ki, məhkəmə qərarlarının əhəmiyyətli hissəsinin tam və ya maneəsiz vaxtaşırı icrasına nail olunub. 2024-cü ildə icraatı tamamlanmış işlərin sayı son 5 ilin ən yaxşı göstəricisi olub.
Trend xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin Mətbuat xidmətinin rəisi Ləman Hüseynzadə Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə baş tutan “İctimai proseslər media müstəvisində” mövzusunda 2-ci Forumun “Konstitusiya və Suverenlik İlində media gündəmi” adlı panel sessiyasında çıxışı zamanı deyib.
O bildirib ki, məhkəmə qərarlarının icrası sahəsində fəaliyyətin təkmilləşdirilməsi məqsədilə, “Elektron icra” informasiya sistemi əsaslı surətdə yenilənərək, zəruri funksionallıqlarla təmin edilib:
“Geniş funksionalıqlara malik yeni sistemin köməyilə, 2025-ci ildə icra xidməti göstəricilərinin daha da yaxşılaşdırılması mümkün olacaqdır.
Bundan başqa yaxın zamanda “Mobil icra” tətbiqi istifadəyə veriləcək.
Tətbiq vasitəsilə tələbkar və borclular öz şəxsi kabinetləri vasitəsilə icra işinə dair bütün zəruri məlumatları əldə edə, icra işinin statusunu real vaxt rejimində izləyə, ödəniş tarixçəsi və qalıq borca nəzarət edə bilər, eləcə də qalıq borca və ödəniş tarixçəsinə nəzarət edə bilər, tətbiq olunan məhdudiyyətləri izləyə bilər”.
Ləman Hüseynzadə qeyd edib ki, tətbiqin yaradılmasında məqsəd məhkəmə qərarlarının icrası prosesində məmur-vətəndaş ünsiyyətinin minimuma endirilməsi, hesabatlılıq və şəffaflığın təmin edilməsi, vətəndaşlara və hüquqi şəxslərə yerində xidmətin təmin edilməsidir:
“İcra sistemində səmərəliliyin artırılması, alternativliyin təmin edilməsi, iş yükünün optimallaşdırılması və paylaşılması, daha əlçatan və effektiv icra sisteminin təşkili məqsədilə normativ-hüquqi aktların layihələri hazırlanaraq, hökumətə təqdim olunub”.