Bakı. Trend:
Çili hakimiyyəti 7,5 bal gücündə baş vermiş zəlzələdən sonra sunami təhlükəsi ilə əlaqədar Maqallanes bölgəsində elan olunan təxliyə qərarını ləğv edib.
Trend xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə Edilməsi üzrə Milli Xidmətin direktoru Alisiya Sebrian mətbuat konfransında məlumat verib.
"Vətəndaşların profilaktik təxliyyəsi ləğv edilib, lakin Dəniz Hidroqrafik və Okeanoqrafiya Xidmətinin növbəti xəbərdarlığına qədər insanların çimərliklərə və sahilyanı ərazilərə yaxınlaşmasına hələ də icazə verilmir", – deyə o bildirib.
Sebrian qeyd edib ki, sunami Arturo Prat adlı Antarktika stansiyasına çatdıqdan sonra vəziyyətə dair qiymətləndirmə dəyişdirilib. Həmin ərazidə suyun səviyyəsində cəmi 6 sm dəyişiklik qeydə alınıb. Buna baxmayaraq, Maqallanes bölgəsinin 30-90 sm hündürlüyündə sunami təhlükəsi altında olduğu bildirilib.
Qeyd edək ki, bundan əvvəl Çilinin təbii fəlakətlərin idarə olunması agentliyi sunami riski səbəbilə bölgənin sahilyanı ərazilərində təxliyyə elan etmişdi.
Ölkənin seysmoloji xidmətinin məlumatına əsasən, 7,5 bal gücündə zəlzələ Puerto Uilyams şəhərindən 218 kilometr məsafədə, 10 kilometr dərinlikdə baş verib. Hazırda insan tələfatı və dağıntılar barədə məlumat yoxdur.