Bakı. Trend:
NATO-nun “Griffin Lightning” adlı beynəlxalq hərbi təlimləri çərçivəsində müttəfiq ölkələrin helikopterləri Litva ərazisində, o cümlədən, sərhəd bölgələrində alçaq yüksəkliklərdə uçuşlar həyata keçirəcəklər.
Trend xəbər verir ki, bu barədə Litva Müdafiə Nazirliyi məlumat yayıb.
“Hərbi təlimlər 3-23 may tarixlərində Litva ərazisində keçiriləcək. Litva sakinləri üçün ən nəzərəçarpacaq hissə bu şənbə başlayacaq. Söhbət Almaniya hərbi helikopterlərinin Litva hava məkanında həm gündüz, həm də gecə saatlarında yerinə yetirəcəyi uçuşlardan gedir”, – deyə nazirliyin məlumatında bildirilir.
Müdafiə Nazirliyindən bildirilib ki, ölkəyə təxminən 30 Almaniya hərbi helikopteri ( TIGER döyüş helikopterləri, NH90 nəqliyyat helikopterləri, CH-53 ağır yükdaşıyan helikopterlər və EC135 yüngül çoxfunksiyalı helikopterlər) gətiriləcək.