Bakı. Trend:
Müasir dövrün reallıqları göstərir ki, insan fəaliyyəti və zəka
potensialı texnologiyanın sürətli inkişafı fonunda daha da
aktuallaşır.
Trend xəbər verir ki, bunu bu gün Milli Məclisin deputatı Tahir Mirkişili bu gün Bakıda keçirilən “Gənclərin Süni İntellekt Forumu”nda çıxışı zamanı deyib.
O bildirib ki, texnologiyasız insanın daha aktiv və məhsuldar olması artıq mümkün deyil. Bu baxımdan süni intellektin inkişafı və onun cəmiyyətə inteqrasiyası zəruri bir mərhələdir:
"İnsan daha çox işləməli və daha çox düşünməlidir. Təəssüf ki,
texnologiyasız, xüsusilə süni intellektsiz, bu prosesin effektiv
şəkildə həyata keçirilməsi çətindir. Gənclər müasir dövrün
çağırışlarına uyğun olaraq bu sahədə biliklərini artırmalı,
rəqəmsal savadlılıqla bərabər intellektual inkişaflarını da davam
etdirməlidirlər”.
Deputat bildirib ki, süni intellekt yalnız texniki və riyazi
sahələrdə deyil, humanitar istiqamətlərdə də ciddi dönüşlər
yaradır: “İnsanların daha çox düşünməsinə səbəb olan, təhlil və
yaradıcı yanaşma tələb edən sahələrdə – xüsusilə humanitar elm və
incəsənətdə – süni intellekt artıq ekspertlərin, tədqiqatçıların və
tərcüməçilərin işini asanlaşdıran bir alət kimi çıxış edir. Bununla
belə, bəzi peşələr getdikcə avtomatlaşa və süni intellekt
vasitəsilə əvəzlənə bilər. Lakin süni intellekt elm adamını, alimi
tamamilə əvəz edə bilməz. Çünki alim yalnız mövcud məlumatları emal
edən deyil, həm də yeni ideyalar yaradan, mənəvi və fəlsəfi
dəyərləri formalaşdıran insandır. Bu, texnologiyanın hüdudlarını
aşan bir məqamdır”.
Onun sözlərinə görə, gələcəkdə əmək bazarında rəqabətə davamlı olmaq üçün texnologiyanın imkanlarını mənimsəməklə yanaşı, insan intellektinin sərhədsiz gücünü də qoruyub saxlamaq əsas şərtdir.