Bakı. Trend:
Azərbaycan Velosiped Federasiyasının növbədənkənar ümumi yığıncağı keçirilib.
Gənclər və İdman Nazirliyindən Trend-ə verilən məlumata görə, tədbir Dövlət Himnimizin səsləndirilməsi ilə başlanıb.
Gənclər və idman naziri Fərid Qayıbov yığıncağı açıq elan etdikdən sonra federasiyanın baş katibi Elnarə Musayeva ötən dövr ərzində görülən işlərin hesabatını təqdim edib. Federasiya prezidenti Mədət Quliyev təşkilata rəhbərlik etdiyi müddətdə bu idman növünün inkişafı üçün əlindən gələni etdiyini bildirərək istefa verib və yeni seçiləcək federasiya rəhbərliyinə uğurlar arzulayıb.
Daha sonra Azərbaycan Velosiped Federasiyasının rəhbərliyinə seçki keçirilib. “Silk Way” Şirkətlər Qrupunun prezidenti Zaur Axundov federasiyanın prezidenti seçilib. Sahib Ələkbərov I vitse-prezident, Robert Eyyubov və Fikrət Hüseynov vitse-prezidentlər, Rəşad Gülmaliyev, Emin Mustafayev, Albert Pitersma isə İcraiyyə Komitəsinin üzvləri seçiliblər.
Zaur Axundov bu idman növünün inkişafı üçün əlindən gələni edəcəyini bildirib.