...

Helsinki Azərbaycan Evində icma üzvləri ilə görüş keçirilib (FOTO)

Cəmiyyət Materials 2 May 2025 13:08 (UTC +04:00)
Helsinki Azərbaycan Evində icma üzvləri ilə görüş keçirilib (FOTO)
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Finlandiyanın Helsinki şəhərində fəaliyyət göstərən Azərbaycan Evində bu ölkədə yaşayan soydaşlarımızla görüş keçirilib.

Trend xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

Bildirilib ki, görüş Azərbaycanın Dövlət Himninin səsləndirilməsi və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.

Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Elşad Əliyev təmsil etdiyi qurumun layihələri barədə məlumat verib, Finlandiyadakı icmanın və Azərbaycan Evinin diaspor siyasətinə verdiyi töhfələri dilə gətirib. Dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan Evlərinin mədəniyyətimizin və tariximizin təbliğində, ölkəmizlə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında xüsusi əhəmiyyət daşıdığını qeyd edib. Prezident İlham Əliyevin xaricdəki azərbaycanlılara ana dilini unutmamaları ilə bağlı tövsiyəsini də xatırladıb.

Azərbaycan Respublikasının Norveç, İsveç, Finlandiya və Danimarkadakı səfirliyinin birinci katibi Əsgər Nağıyev Skandinaviya ölkələrindəki icmamızın fəallığından və Azərbaycan Evinin uğurlu işindən danışıb.

Skandinaviya Azərbaycanlıları Koordinasiya Şurasının Finlandiya üzrə koordinatoru, Helsinki Azərbaycan Evinin rəhbəri Ülviyyə Cabbarova evin və məktəbinin fəaliyyəti barədə məlumat verib, Finlandiyadakı Azərbaycan icmasına göstərilən dəstəyə görə Azərbaycan dövlətinə minnətdarlığını ifadə edib.

Həftəsonu məktəbinin Azərbaycan dili müəllimi Aytən Bəşirova şagirdlərin ana dilində təhsil almağa böyük maraq göstərdiklərini və onların sıralarının get-gedə daha da genişləndiyini bildirib.

Azərbaycan Evinin nəzdindəki həftəsonu məktəbinin şagirdlərinin xüsusi proqramla çıxışından sonra “Bülbül” ana dili kitabı təqdim olunub. Kitabın müəllifi, Londonda yaşayan soydaşımız Emiliya Cəbrayılova yeni nəşr haqqında məlumat verib. Görüş iştirakçıları belə bir kitabın hazırlanmasını müsbət qiymətləndirib, kitabın azərbaycanlı uşaqların ana dilini öyrənmələrinə xüsusi bir töhfə olduğunu qeyd ediblər.

İcma görüşündə Skandinaviya AKŞ-nin Finlandiya üzrə yeni koordinatoru seçilib. Daha sonra “Finlandiya-Azərbaycan Dostluq Cəmiyyəti”nin sədri Təranə Nəzərovaya təltif olunduğu “Diaspor fəaliyyətində xidmətə görə” Azərbaycan Respublikasının medalı təqdim olunub.

Xatırladaq ki, bu gün dünyanın 19 ölkəsində 30 Azərbaycan Evi fəaliyyət göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti