Bakı. Trend:
Media vasitəsilə ictimaiyyətə təqdim olunan məlumatlar rəqəmsal ekspertiza və insidentlərə cavab sahəsində peşəkar mütəxəssislər tərəfindən hazırlanan hesabata əsaslanır.
Trend xəbər verir ki, bunu Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyasının sədri Ramid Namazov Komissiyanın “Azərbaycanın media resurslarına kiberhücumlar” mövzusunda keçirilən ictimai müzakirəsində çıxışı zamanı deyib.
“Dünyanın ən güclü kibercasus qruplarından biri tərəfindən həyata keçirilmiş hücumun necə və hansı məqsədlə edilməsinin müəyyən olunması bir daha onu göstərdi ki, İKT sahəsində də Prezident İlham Əliyevin rəhbərliyi ilə milli maraqlarımıza əsaslanan fəaliyyətlər uğurla həyata keçirilir”, - deyə o bildirib.
Millət vəkili vurğulayıb ki, kiberhücumlara qarşı görülən tədbirlər barədə hesabatın texniki hissəsi ilə də tanış olduqdan sonra dövlətin bu sahə də kifayət qədər irəlilədiyinin bir daha şahidi olmaq mümkündür:
“Əmin ola bilərsiniz ki, bu gün dövlətimiz istənilən təhdidi formasından asılı olmayaraq dəf etməyə, bunu edənləri ifşa etməyə və qarşısını almağa qadirdir”.