Bakı. Trend:
Ombudsmanın geniş fəaliyyət həyata keçirməkdədir və bu fəaliyyətin geniş ictimaiyyətə təqdim olunmasında da media subyektlərinin rolu danılmazdır.
Trend xəbər verir ki, bunu Ombudsman Aparatının Mətbuat katibi Araz Əsgərli Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə baş tutan “İctimai proseslər media müstəvisində” mövzusunda 2-ci Forumun “Konstitusiya və Suverenlik İlində media gündəmi” adlı panel sessiyasında çıxışı zamanı deyib.
O bildirib ki, Müvəkkilin fəaliyyətində beynəlxalq və yerli media ilə əməkdaşlığın daha sıx və səmərəli təşkilinə xüsusi diqqət yetirilir:
“Bu əməkdaşlıq Ombudsmanın fəaliyyətinin beynəlxalq və yerli mediada işıqlandırılması, mətbuatda ictimailəşdirilən problemlərin, media subyektlərinin özlərindən daxil olan müraciətlərin, habelə mediada məlumatların dərc olunması ilə əlaqədar yol verilən insan hüquq pozuntuları hallarının araşdırılması, maarifləndirmə tədbirlərinin həyata keçirilməsi istiqamətində davam etdirilir.
Daxil olan şikayətlər, eləcə də mediada, sosial şəbəkə resurslarında yayımlanan və şəxslərin, xüsusi ilə də əhalinin həssas qruplarının hüquqlarını pozan, şəxsi və ailə həyatına, şərəf və ləyaqətə toxunan müxtəlif məzmunlu məlumatlarla bağlı tərəfimizdən aidiyyəti qurumlarla birgə araşdırmalar həyata keçirilir”.
A.Əsgərli əlavə edib ki, media nümayəndələrinin hüquqlarının müdafiəsi də daim diqqətdə saxlanılan məsələlərdən biridir.
“Media nümayəndələrinin informasiya əldə etmək hüququnun təmini, qanunvericiliklə müəyyən edilmiş müddətdə onların sorğularının cavablandırılması barədə müraciətləri də araşdırılır və bu istiqamətdə zəruri tədbirlər görülür.
Bütün bunlarla yanaşı, media subyektləri üçün insan hüquqları üzrə maarifləndirici təlimlərin təşkili onların bu sahədə məlumatlılığının artırılması baxımından olduqca əhəmiyyətlidir. Bu istiqamətdə də fəaliyyətin həyata keçirilməsi bizim üçün prioritetlərdəndir və nəzərdə tutulur”, - deyə o qeyd edib.