Bakı. Trend:
Mayın 3-də Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) “Açıq qapı” günü təşkil olunub. Tədbirin əsas məqsədi AzMİU-ya maraq göstərən abituriyentləri universitetin tədris mühiti, ixtisasları, elmi və texniki bazası barədə ətraflı məlumatlandırmaq, onların peşə seçimi prosesinə dəstək göstərməkdir.
“Açıq qapı” günü çərçivəsində Bakı şəhərinin müxtəlif ümumtəhsil məktəblərindən 2000-ə yaxın şagird və onların valideynləri universitetin qonağı olub. Geniş təhsil sərgisi formatında təşkil olunan tədbirdə AzMİU-nun bütün fakültələri və kafedraları, şöbə və mərkəzləri təmsil olunub. Stendlər vasitəsilə təqdim olunan məlumatlar iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.
Təhsil sərgisinin açılışında çıxış edən AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova məktəbliləri salamlayıb və universitetdə yaradılan müasir təhsil imkanlarından, qabaqcıl ixtisaslardan, professor-müəllim heyətindən, tələbəyönümlü tədrisdən danışıb.
Sərgidə təhsil ekspertləri də iştirak ediblər və AzMİU-da yaradılan ali təhsil mühiti ilə tanış olublar. Onlar şagirdlərə ixtisas seçimi, qəbul prosesi, qəbul prosesinə hazırlıqla bağlı müxtəlif tövsiyələr verib, abituriyetləri maraqlandıran suallar ətrafında geniş müzakirələr aparıblar.
Sərgi proqramından sonra abituriyentlər və onların valideynləri tədris korpuslarını ziyarət edərək fakültə və kafedraların fəaliyyəti, tədris prosesi, infrastruktur və maddi-texniki baza ilə tanış olublar. Ekskursiya zamanı abituriyentlər və valideynlər birbaşa fakültə və kafedra rəhbərləri ilə görüşüb, ixtisaslar üzrə mövcud imkanlar, tədris proqramları, tələbələr üçün yaradılan şərait, eləcə də universitetin məzunlarının əmək bazarında uğurlu mövqeyi barədə ətraflı məlumat alıblar. Qonaqlar universitetin təhsil mühitini yüksək qiymətləndirərək gələcəkdə bu elm ocağında təhsil almağın onlar üçün perspektivli və dəyərli bir seçim olacağını qeyd ediblər.