Bakı. Trend:
İldən-ilə Bakıya marafonda iştirak etmək üçün xaricdən gələn insanların sayı artır.
Bu barədə Trend-ə bu gün Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Bakı Marafonu 2025” çərçivəsində jurnalistlərə açıqlamasında Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov deyib.
"Artıq biz dördüncü dəfədir marafonda iştirak edirik. Öz rekordumuzu qıra bilmədik. Buna görə də daha çox məşq etməliyik. Gələn il artıq beşinci dəfə olacaq. Həmin yubiley qaçışımızda çalışacağıq ki, rekordumuzu təzələyək. İldən-ilə iştirakçıların sayı artır, finişə çatanların sayı artır. Bu yaxşı bir haldır. Bundan əlavə, ildən-ilə Bakıya marafonda iştirak etmək üçün xaricdən gələn qonaqların sayı artır. Marafon çox uğurlu təşkil olunub", - o bildirib.
Qeyd edək ki, bu gün Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Bakı Marafonu 2025” baş tutub. “Küləyə qalib gəl” şüarı altında keçirilən “Bakı Marafonu 2025” üçün bu il rekord sayda — 28 minədək iştirakçı qeydiyyatdan keçib. Marafon 21 kilometr məsafəni əhatə edib.