Bakı. Trend:
1-4 may tarixlərində Bakıda - Milli Gimnastika Arenasında keçirilən "Bədii gimnastika üzrə Avropa Kuboku"nda Azərbaycan qrup hərəkətləri komandası 1 qızıl, 3 bürünc medal, fərdi proqram təsnifatı çərçivəsində lentlə çıxış edən Ağahüseynova Şəms (Azərbaycan) isə bürünc medal qazanıb.
Trend xəbər verir ki, may ayının birində Bakıda “Bədii gimnastika üzrə Avropa kuboku”nun açılış mərasimi keçirilib. Açılışı zamanı iştirakçı ölkələrin bayraqları arenaya gətirilib. Daha sonra gənclər və idman naziri, Avropa Gimnastikasının prezidenti Fərid Qayıbov açılışı nitqi ilə çıxış edib.
Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Yarışın açılışı şou-proqramla davam edib. Yarışın ilk günündə fərdi yarışlar keçirilib. Böyüklər yaş kateqoriyasında gimnastlar halqa və topla çıxışlar ediblər. Fərdi yarışda Azərbaycanı Gövhər İbrahimova və Kamilla Seyidzadə təmsil edib.
Yarışın ikinci günündə böyüklər arasında fərdi proqramda gürzlər, halqa, top və lentlər üzrə qaliblər bəlli olub. Böyüklər arasında gürzlər üzrə Ukrayna (Taisiia Onofriichuk) qızıl, İtaliya (Tara Dragas) gümüş, Bolqarıstan (Malinova Dara) bürünc medal qazanıb. Lentlərlə yarışda Ukrayna (Taisiia Onofriichuk) qızıl, İtaliya (Tara Dragas) gümüş, Rumıniya (Amalia Lica) bürünc medal qazanıb.
Topla yarışda İtaliya (Sofia Rafelli) qızıl, Özbəkistan (Lola Djuraeva) gümüş, Ukrayna (Taisiia Onofriichuk) bürünc medal qazanıb. Halqa ilə yarışda Ukrayna (Taisiia Onofriichuk) qızıl, İsrail (Lian Rona) gümüş, İtaliya (Tara Dragas) bürünc medal qazanıb.
Eyni gündə qrup hərəkətlərində böyüklər yaş kateqoriyasında
gimnastlar 5 lent və 3 top - 2 halqa şəklində yarışıblar.
Böyüklər arasında qrup hərəkətlərində 3 top - 2 halqa şəklində
çıxış edən Azərbaycan komandası qızıl medala layiq görülüb. Ukrayna
komandası gümüş, İtaliya komandası isə bürünc medal qazanıb.
Böyüklər arasında qrup hərəkətlərində 5 lent şəklində çıxış edən
İtaliya komandası qızıl, Estoniya komandası gümüş, Bolqarıstan
komandası isə bürünc medal qazanıb.
Yarışın üçüncü günündə gənclər arasında qrup hərəkətləri komandası 5 halqa, 5 cüt gürzlə çıxış edib. Gənclər arasında qrup hərəkətləri komandası 5 halqa və 5 cüt gürzlə çıxış edən Bolqarıstan komandası qızıl, Ukrayna komandası gümüş, İsrail komandası isə bürünc medal qazanıb.
Gənclər yaş kateqoriyasında gimnastlar fərdi proqram təsnifatı çərçivəsində komanda hesabında halqa, top, gürzlər və lentlə çıxış ediblər. Komanda hesabında Bolqarıstan komandası qızıl, İtaliya komandası gümüş, İsrail komandası isə bürünc medal qazanıb.
Çarpaz qarşılaşmalarda Azərbaycan komandası Estoniya komandasına qalib gəlib, Ukrayna - Bolqarıstan komandalarının qarşılaşmasında qalib Bolqarıstan, İtaliya - Gürcüstan komandasının qarşılaşmasında isə qalib İtaliya olub. Ardınca Azərbaycan, Bolqarıstan , İtaliya komandaları arasında keçirilən final görüşündə Bolqarıstan qızıl, İtaliya gümüş, Azərbaycan isə bürünc medal qazanıb.
Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandasının gənclər yaş kateqoriyasında gimnastları qrup hərəkətləri təsnifatında həm 5 halqa şəklində çıxışda, həm də 5 cüt gürzlə çıxışda bürünc medal qazanıb.
"Bədii gimnastika üzrə Avropa Kuboku"nun sonuncu günündə gənclər yaş kateqoriyasında gimnastlardan fərdi proqram təsnifatı çərçivəsində lentlə çıxış edən Ağahüseynova Şəms (Azərbaycan) isə bürünc medal qazanıb.
Böyüklər yaş kateqoriyasında fərdi proqramda çıxış edən gimnastlar çarpaz qarşılaşmalarda yarışıblar. Finala italiyalı Sofia Raffaeli və özbəkistanlı Lola Djuraeva çıxıb. Finalda İtaliya gimnastı qızıl, Özbəkistan gimnastı isə gümüş medal qazanıb. Bürünc medal uğrunda ukraynalı gimnastlar Taisiia Onofriichuk və Polina Karika mübarizə aparıb. Bürünc medalın sahibi Taisiia Onofriichuk olub.
Finalın qalibini nin medalını gənclər və idman naziri, Avropa Gimnastikasının prezidenti Fərid Qayıbov təqdim edib.