...

İran və ABŞ arasında müzakirələrin növbəti raundu haqda məsləhətləşmə davam edir – XİN

Dünya xəbərləri Materials 28 May 2025 13:27 (UTC +04:00)
İran və ABŞ arasında müzakirələrin növbəti raundu haqda məsləhətləşmə davam edir – XİN
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İranın nüvə proqramı ilə əlaqədar İran və ABŞ arasında dolayı müzakirələrin növbəti raununun məkanı və zamanı haqda məsləhətləşmələr davam edir.

Trend-in məlumatına görə, bunu İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqai yerli mediaya açıqlamasında deyib.

Onun sözlərinə görə, bəzi kütləvi informasiya vasitələrində İran və ABŞ arasında müzakirələrin vəziyyəti haqda məlumatlar dərc olunmasına baxmayaraq, məsləhətləşmələr bitdikdən sonra növbəti raund haqda məlumat Oman tərəfindən elan olunacaq.

Bəqai bildirib ki, əvvəlcədən elan olunduğu kimi, İran və ABŞ arasında danışıqların yeganə mövzusu İran əleyhinə tətbiq olunan sanksiyaların ləğv edilməsi və İranın nüvə proqramıdır. Müzakirələrdə başqa heç bir məsələ irəli sürülməyib.

Nazirlik rəsmisi əlavə edib ki, İranın müzakirə heyəti ABŞ tərəfindən tətbiq edilən sanksiyaların ləğvi üçün heç bir səyini əsirgəməyəcək.

Uranın zənginləşdirilməsi ilə əlaqədar İranın yumşaq mövqe sərgiləməsi haqda yayılan şayiələri təkzib edən Bəqai qeyd edib ki, İranın nüvə sənayesinin ayrılmaz hissəsi olaraq uranın zənginləşdirilməsinin davam etdirilməsi Tehran üçün əsaslı prinsipdir və bu prinsipə zidd hər hansı təklif və ya təşəbbüs qəbuledilməzdir.

Qeyd edək ki, 12, 19, 26 aprel, 11 may və 23 may tarixlərində İran və ABŞ arasında İranın nüvə proqramı ilə əlaqədar dolayı müzakirələrin 5 raundu keçirilib. Dolayı müzakirələr Oman Krallığının xarici işlər naziri Seyid Bədr Əlbusəidinin vasitəçiliyi, İran nümayəndə heyətinə xarici işlər naziri Seyid Abbas Araqçi və ABŞ nümayəndə heyətinə ABŞ-nin Yaxın Şərq məsələləri üzrə xüsusi nümayəndəsi Stiv Uitkofun başçılığı ilə təşkil olunub. Müzakirələrin 1, 3 və 4-cü raundu Oman paytaxtı Məsqətdə, 2-ci və 5-ci raundu isə İtaliya paytaxtı Romada baş tutub.

Xəbər lenti

Xəbər lenti