...

Hazırda nüvə proqramı ilə bağlı müzakirənin aparılması mənasızdır – İran XİN

Dünya xəbərləri Materials 16 İyun 2025 12:08 (UTC +04:00)
Hazırda nüvə proqramı ilə bağlı müzakirənin aparılması mənasızdır – İran XİN
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

Hazırda İranın nüvə proqramı ilə əlaqədar İran və ABŞ arasında dolayı müzakirənin aparılması mənasızdır.

Trend-in məlumatına görə, bunu İran Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqai bu gün (16 iyun) Tehranda keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, müzakirənin qarşı tərəfi olaraq ABŞ BMT Təhlükəsizlik Şurasının daimi üzvlərindən biri kimi İsrailin İrana hücumuna qarşı münasibət bildirməyib.

Eyni zamanda BMT Təhlükəsizlik Şurasında İsrailə qarşı qətnamənin təsdiqlənməsi üçün təşəbbüs göstərməyib. Belə bir halda, İranın ABŞ ilə müzakirə aparmasının irəli sürülməsini əsaslandırmaq olmaz.

Xatırladaq ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi hava zərbələri endirib. Zərbələr nəticəsində çoxlu sayda hərbçi, o cümlədən İran Silahlı Qüvvələri Baş Qərargah rəisi Məhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) baş komandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanı Qulaməli Rəşid, SEPAH-ın Hərbi Hava Qüvvələri komandanı Əmir Əli Hacızadə, 9 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb.

Qeyd edək ki, 12, 19, 26 aprel, 11 may və 23 may tarixlərində İran və ABŞ arasında İranın nüvə proqramı ilə əlaqədar dolayı müzakirələrin 5 raundu keçirilib. Dolayı müzakirələr Oman Krallığının xarici işlər naziri Seyid Bədr Əlbusəidinin vasitəçiliyi, İran nümayəndə heyətinə xarici işlər naziri Seyid Abbas Araqçi və ABŞ nümayəndə heyətinə ABŞ-nin Yaxın Şərq məsələləri üzrə xüsusi nümayəndəsi Stiv Uitkofun başçılığı ilə təşkil olunub. Müzakirələrin 1, 3 və 4-cü raundu Oman paytaxtı Məsqətdə, 2-ci və 5-ci raundu isə İtaliya paytaxtı Romada baş tutub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti