Bakı. Trend:
Suriyanın keçid dövrü hökuməti druz icması ilə bədəvi qəbilələri arasında şiddətli döyüşlərin getdiyi cənubdakı Əs-Süveyda əyalətində daxili təhlükəsizlik qüvvələrini yerləşdirməyə başlayıb.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Suriya Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi Nurəddin əl-Bab bildirib.
DİN rəsmisi buna səbəb kimi cinayətkar qruplaşmalar tərəfindən törədilən qanlı hadisələri göstərib.
Daxili İşlər Nazirliyinin "Syria TV" tərəfindən yayımlanan açıqlamasına görə, əməliyyat prezidentin göstərişi ilə həyata keçirilib və dinc əhalinin qorunması, xaosun qarşısının alınması üçün ümummilli vəzifənin bir hissəsidir.
Əl-Bab əmin edib ki, bütün hökumət strukturları Əs-Süveydada sabitliyin bərpası üçün çalışır.
xxx
11:54
Suriyanın keçid dövrü prezidenti Əhməd Əl Şaraa son günlər qanlı toqquşmaların yaşandığı Əs-Suveydə əyalətində atəşkəs rejiminin tətbiq olunduğunu elan edib.
Bu barədə Trend Suriya KİV-ə istinadən xəbər verir.
Xatırladaq ki, Əs-Suveyda əyalətində gərginlik 2025-ci ilin iyul ayının əvvəlində yaranıb. Bədəvi qəbilələrinin üzvləri Dəməşq–Suveyda yolunda müvəqqəti nəzarət-buraxılış məntəqəsi quraraq druz mənşəli tərəvəz satıcısına hücum edib və onu girov götürüb .
Druz silahlı dəstələri cavab olaraq bədəvi icmasından olan şəxsləri girov götürüb və bu, qarşılıqlı adam oğurluqlarına səbəb olub. Zorakılıq dalğası qısa müddətdə əyalət boyunca silahlı toqquşmalara çevrilib.
Hökumət qüvvələri nizamı bərpa etməyə cəhd etsə də, bəzi druzlar onların bədəvilərə tərəfkeşlik etdiyini düşünüb, bu isə məzhəblərarası gərginliyi daha da artırıb. Toqquşmalarda ümumilikdə 600-ə yaxın insan həlak olub.