Bakı.Trend:
İspaniyanın cənubunda yerləşən Əndəluz muxtar icmasında güclü yağışlarla müşayiət olunan qasırğa səbəbindən təhlükəsizlik məqsədilə 3 mindən çox insan təxliyə edilib.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə regionun fövqəladə hallar xidməti "X" sosial şəbəkəsində məlumat yayıb.
Xidmətin məlumatına görə, “daşqınlara məruz qalan ərazilərdən (Kadis, Xaen və Malaqa)əyalətlərində ehtiyat tədbiri olaraq 3 mindən çox insan təxliyə edilib”. Bundan əlavə, əlverişsiz hava şəraiti dəmir yolu əlaqəsinin pozulmasına, bir sıra avtomobil yollarında hərəkətin bağlanmasına, limanların fəaliyyətinin dayandırılmasına və su basmalarına səbəb olub. Həmçinin çoxsaylı insidentlər qeydə alınıb.
Əndəluz hakimiyyəti əlverişsiz hava şəraiti ilə əlaqədar regionun demək olar ki, bütün ərazisində məktəblərdə dərsləri təxirə salıb. İspaniyanın Dövlət Meteorologiya Agentliyi ölkənin cənubunda güclü yağışlar və küləyin şiddətli əsən qasırğalı küləkləri səbəbindən əlverişsiz hava şəraiti barədə xəbərdarlıq edib.
