Bakı. Trend:
İran müdafiə və silahlı qüvvələrə dəstək naziri Əziz Nəsirzadənin Azərbaycana səfəri regional sabitliyin möhkəmləndirilməsi baxımından əhəmiyyət kəsb edir.
Trend-in məlumatına görə, bunu İran Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqai bu gün (10 fevral) Tehranda keçirilə mətbuat konfransında deyib.
Onun sözlərinə görə, İran region ölkələri, xüsusilə Cənubi Qafqaz ölkələri ilə bütün sahələrdə əməkdaşlıq və etimadın gücləndirilməsinə səy göstərir.
Bəqai bildirib ki, Cənubi Qafqaz İran üçün böyük əhəmiyyət kəsb edir və bu bölgədə sülh və sabitliyi özünün sülh və sabitliyi hesab edir.
Bəqai deyib ki, İran müdafiə nazirinin Azərbaycana səfəri bir müddət öncə Bakıya səfər etmiş xarici işlər naziri Seyid Abbas Əraqçinin səfərinin davamı kimi qiymətləndirilir. İran bu səfərlər və məsləhətləşmələri region ölkələri arasında etimadın qorunması və yüksəldilməsi üçün zəruri hesab edir.
“İran müdafiə nazirinin Azərbaycana səfəri çərçivəsində müdafiə və təhlükəsizlik sahəsində birgə maraq doğuran məsələlər haqda fikir mübadiləsi aparılıb. Bu səfərin iki ölkə arasında əsasən də təhlükəsizlik və siyasət sahəslərində etimadın güclənməsinə kömək edəcəyi gözlənilir”, - deyə o qeyd edib.
Qeyd edək ki, İran müdafiə və silahlı qüvvələrə dəstək naziri Əziz Nəsirzadə 6 fevralda Azərbaycana səfər edib.
