Bakı. Trend:
Azərbaycan vasitəsi ilə Rusiyadan İrana elektrik idxalı üzrə müzakirlər aparılmaqdadır.
Trend-in məlumatına görə, bunu İranın Neft Nazirliyinin Avropa, Amerika, MDB dövlətləri üzrə departamentinin baş direktoru Mustafa Bərzigər yerli mediaya açıqlamasında deyib.
Onun sözlərinə görə, bu müzakirələrin başqa sahələrdə də əməkdaşlığın güclənməsi ilə nəticələnəcəyi gözlənilir.
Bərzigər əlavə edib ki, eyni zamanda İranın Rusiyadan qaz idxalı üzrə danışıqlar aparılır. Danışıqlar üzrə tam razılaşma əldə olunduğu halda ilk mərhələdə ildə 55 milyard kubmetr qaz Rusiyadan idxal olunacaq.
Nazirlik rəsmisi bildirib ki, növbəti mərhələdə isə ildə daha 55 milyard kubmetrin ona əlavə edilməsi nəzərdə tutulur.
Əlavə edək ki, İran, Azərbaycan və Rusiya arasında Şimal-Cənub enerji dəhlizinin yaradılması layihəsi üzərində işlər aparılır. Məqsəd üç ölkənin elektrik şəbəkələrinin sinxron edilməsidir. Bu layihə ilə bağlı lazımi layihələndirmə işlərini İranın “Monenko” Şirkəti həyata keçirib.
Qeyd edək ki, 26 iyunda 2024-də İranın Milli Qaz Şirkətinin icra direktoru Məcid Çegeni və Rusiyanın QazProm Şirkətinin icra direktoru Aleksey Miller arasında Rusiya qazının İrana nəql olunması üzrə sənəd imzalanıb.
