...

Microsoft gizliliyinə görə cavab verəcək

Dünya xəbərləri Materials 13 İyul 2006 20:35 (UTC +04:00)

2004-cü ildə Avropa Birliyi hakimiyyəti Amerika şirkətini rəqiblər üçün Windows əməliyyat sisteminin proqram kodunu açmağa təhrik edirdi. Lakin şirkət bunu uzadır. Microsoft məmurların iddiaları ilə razı deyil. Şirkətin vəkilləri məhkəməyə müraciət etməyə hazırlaşır.

Trend "Vzqlyad"a istinadən xəbər verir ki, cərimənin məbləği 2005-ci il 16 dekabr tarixindən hesablanıb, çünki məhz həmin gün Microsoft proqram kodu haqqında məlumat dərc etməli idi. İyunun 20-də Avropa Komissiyası qanunun hələ də pozulduğunu qərara aldı. Bu vaxta qədər hər biri 1,5 mln. avro həcmində olan 187 gündəlik cərimə yığıldı. Əgər Bil Geytsin kompüter konserni belə davam etsə, o zaman o, hər biri 3 mln. avro həcmində gündəlik cərimə ilə üzləşməli olacaq.

AB ilk dəfə deyil ki Microsoft-u cərimələyir. 2004-cü ildə Avropa Komissiyası şirkətə qarşı 497 mln. həcmində rekord cərimə qoyub. Amerika şirkəti AB-nin Antiinhisar Komissiyasının qərarlarını yerinə yetirmədiyinə görə cərimələnən ilk şirkət olub.

Avropa Komissiyasının nümayəndələri iddia edir ki, şirkət antiinhisar qanunvericiliyini kobud şəkildə pozur və rəqiblərinə məhsullarının işini Windows əsasında sistemlərlə uyğunlaşdırılması üçün lazım olan tam dəqiq texniki məlumatın verilməsi haqqında qərarı yerinə yetirmir.

AB-nin rəqabət üzrə komissarı Nili Krusun sözlərinə görə, Microsoft indiyə qədər öz qanunsuz fəaliyyətindən əl çəkməyib. Hələlik cərimə qoymaqdan başqa alternativ yoxdur. Heç bir şirkət qanundan üstün ola bilməz.

Şirkətin baş vəkili Bred Smitin dediklərinə görə, şirkət cərimənin qanunsuzluğu ilə bağlı iddia ilə məhkəməyə müraciət edəcək. "Hesab edirik ki, bu cərimə əsassızdır. Biz Avropa Komissiyasına hörmət edirik, lakin komissiyanın ilk qərarındakı anlaşılmazlığı və bizim son iki ildə vəziyyəti yoluna qoymaq cəhdlərimizi nəzərə alaraq, cərimənin qanuna uyğun olmadığını hesab edirik"- deyə o vurğulayıb.

Krus isə AB tələblərinin tam aydın oluduğunu bildirib. O, görülən tədbirlərin şirkəti antiinhisar orqanlarının tələblərinə yerinə yetirməyə məcbur edəcəyinə ümidvar olduğunu deyib.

O həmçinin əlavə edib ki, bu cərimə daha böyük ola bilərdi, çünki AB şirkətin illik dövriyyəsinin 5%-dək cərimə qoymaq hüququna malikdir. Bu halda cərimələrin məbləği 1 mlrd. avrodan çox olardı.

Microsoft isə bildirir ki, Avropa Komissiyasının tələblərini yerinə yetirməyə səy göstərir.

Xəbər lenti

Xəbər lenti