Qocaəlidə yerli otellərdən birində həyata keçirilmiş əməliyyat zamanı "canlı mal" ticarətində şübhəli bilinən 34 nəfər həbs olunub. Onlar arasında yüngül əxlaqlı 19 qadın da var. Bu qadınların 12-si xarici ölkə vətəndaşıdır.
Trend in Ankaradakı xüsusi müxbirinin məlumatına görə, əxlaqsızlıqda şübhəli bilinən 3 qadın Ukrayna, 7-si Moldaviya, 2-si Türkmənistan vətəndaşıdır. Oteldə axtarış zamanı tapança və qaçaqmalçılıqla Türkiyəyə gətirilmiş spirtli içkilər aşkar edilib.
Yerli polisin məlumatına görə, xarici vətəndaşlar "canlı mal" alverçiləri tərəfindən bu yola sövq edilib. Onların pasportları alınıb və oteli tərk etmək qadağan edilib.
O da qeyd olunur ki, bu şəbəkəyə Türkiyə vətəndaşı başçılıq edib. Xarici vətəndaşlar isə digər qadınların vasitəsilə gətirilib. Tibbi müayinə zamanı Moldaviyadan olan qadında VİÇ, digər 6 qadında isə hepatit "S" virusu aşkar edilib.
İstintaq orqanları fakt üzrə təhqiqat aparır.