...

Ermənistan XİN rəhbəri ATƏT-in Minsk qrupu həmsədrləri ilə görüşəcək

Dünya xəbərləri Materials 11 May 2007 12:02 (UTC +04:00)

Ermənistan xarici işlər naziri Vardan Oskanyan bu gün Strasburqda ATƏT-in Minsk qrupunun həmsədrləri Yuri Merzlyakov (Rusiya), Bernar Fasye (Fransa) və Metyu Brayza (ABŞ) ilə görüşəcək.

RİA Novosti -nin Ermənistan XİN-in mətbuat katibinin səlahiyyətlərini icra edən Vladimir Karapetyana istinadən yaydığı məlumata görə, danışıqlar zamanı əsas diqqət Ermənistan və Azərbaycan XİN başçılarının növbəti görüşünün yeri və vaxtına yönələcək.

Karapetyan xatırladıb ki, danışıqların öncəki raundu aprelin 18-də Belqradda keçirilib.

"Serbiya paytaxtında Ermənistan və Azərbaycan XİN başçıları ATƏT-in Minsk qrupu həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikin iştirakı ilə keçən görüşdə bu gün masa üzərində olan prinsiplər çərçivəsində vasitəçilərin bəzi təkliflərini müzakirə ediblər. Burada diqqət razılaşdırılmamış məqamlara yetirilib " - deyə Karapetyan vurğulayıb.

Ermənistan XİN sözçüsü həmçinin bildirib ki, Oskanyan Strasburqda Avropa Şurasının XİN başçıları komitəsinin 117-ci iclasında iştirak edəcək. Ermənistan XİN rəhbərinin burada çıxış edəcəyi gözlənilir. "Oskanyanın çıxışı Ermənistanla Avropa Şurası arasındakı əməkdaşlıq məsələlərinə dair olacaq " - deyə Karapetyan bildirib.

Toplantının gündəliyinə əsasən, AŞ XİN başçıları Varşava sammitinin qərarlarının icrası vəziyyətini, AŞ-Avropa Birliyi əməkdaşlığının perspektivlərini, AŞ strukturunda insan haqlarının müdafiəsinin gücləndirilməsini və digər məsələləri müzakirə edəcəklər.

İclas zamanı komitəyə sədrlik hüququ San-Marinodan Serbiyaya keçəcək.

Serbiyanın sədrliyinin müddəti 6 ay olacaq.

Xəbər lenti

Xəbər lenti