Türkiyə, Ankara / Trend müxbir A.Aləsgərov/ "Atlajet" şirkətinə məxsus və KK1011 reysi ilə Kiprdən İstanbul istiqamətində uçuş edən təyyarə qaçırılıb. Adanın türk hissəsində yerləşən "Ercan" hava limanından havaya qalxdıqdan sonra təyyarə bu gün təxminən yerli vaxtla saat 08.30-da yanacaq doldurmaq məqsədilə Antalya şəhərinin hava limanına enib.
Türkiyənin "Haberkusagı" agentliyinin yaydığı məlumata görə, MD83 təyyarəsində 136 sərnişin var.
Qeyd olunur ki, təyyarəni qaçıranlar kabinaya daxil olaraq İrana uçuş etmək tələbini irəli sürüblər. Təyyarənin kapitanı Faruk Camlı onları Antalya hava limanında yanacaq doldurmaq məqsədi ilə enməyin zəruri olduğuna inandıra bilib. Təyyarənin qaçırılmasında şübhəli bilinən şəxslərin adları və sayı açıqlanmır.
Təyyarə təhlükəsizlik qüvvələri tərəfindən mühasirəyə alınıb, danışıqlara başlamaq üçün tədbirlər görülür.