İlkin məlumata əsasən, 23 may 2010-cu il tarixində saat 18:30 radələrində Hacıqabul rayonunun Birinci Meyniman kəndi yaxınlığında Kür çayında bəndin, təqribən, 30-40 metrlik hissəsinin dağılması nəticəsində daşqın suları kənd ərazisinə daxil olmağa başlamışdır, məlumatı Fövqəladə Hallar Nazirliyinin rəsmi saytı yayıb.
Operativ olaraq hadisə yerinə cəlb edilmiş FHN-nin canlı quvvə və texnikası dağılmış bəndin bərpası və bərkidilməsi işlərinə başlamışdır
Çevik müdaxilə nəticəsində sel sularının əhatəsində təhlükədə qalmış 4 kənd sakini FHN-nin iki vertolyotu vasitəsi ilə xilas edilmişdir.
Eyni zamanda, FHN-nin Mülki Müdafiə qoşunlarının və Daxili İşlər Nazirliyinin Daxili qoşunlarının köməkliyi ilə kənd əhalisinin qadınlar, uşaqlar, qocalar olan hissəsi təxliyyə edilmişdir. İlkin olaraq, təqribən, 70-ə qədər ev qismən daşqın sularının əhatəsində qalmışdır. Hazırda bəndin bərpa və bərkitmə işləri davam etdirilir.