...

Azərbaycanda məhkəmə ekspertizası sahəsində islahatlara ehtiyac var - ekspertlər

Cəmiyyət Materials 15 Dekabr 2009 11:06 (UTC +04:00)
Azərbaycanda müstəqil məhkəmə ekspertiza qurumlarının yaradılması ilə bağlı ciddi fikir ayrılıqları var.
Azərbaycanda məhkəmə ekspertizası sahəsində islahatlara ehtiyac var - ekspertlər

Azərbaycan, Bakı, 14 dekabr / Trend , müxbir K.Zərbalıyeva/

Azərbaycanda müstəqil məhkəmə ekspertiza qurumlarının yaradılması ilə bağlı ciddi fikir ayrılıqları var. Bir qrup ekspert məhkəmə ekspertizasının dövlətin inhisarından çıxarılaraq müstəqil ekspertiza qurumlarının yaradılmasını zəruri hesab edir.

Alternativ mövqedə olanlar isə belə iddia edirlər ki, müstəqil ekspertiza qurumlarının yaradılması bu sahədə qarışıqlıq yaradacaq və əldə olunan ekspert rəylərinin həqiqiliyi şübhə altında olacaq.

Azərbaycanda məhkəmə ekspertizaları Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi tərəfindən keçirilir.

Vəkil Kamandar Nəsibov bu sahənin dövlətin monopoliyasında olduğunu və yuxarıda adıçəkilən qurumların verdiyi ekspert rəylərinin əhatəli və obyektiv olmadığını deyir.

"Azərbaycanda elə bir ekspertiza qurumu yoxdur ki, onun rəyləri Ədliyyə Nazirliyinin müvafiq qurumunun rəyləri ilə eyni səviyyədə qəbul olunsun. Vəkillərin hər hansı bir işlə bağlı müstəqil ekspertlərdən aldığı rəylər məhkəmələr tərəfindən qəbul olunmur, ekspert qarşısında qoyulan sualların cavablandırılmadığı natamam ekspert rəyləri sübut kimi qəbul edilir", - deyə vəkil Trend -a bildirib.

Nəsibovun sözlərinə görə, qanunda ekspert rəylərinin Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzinin və Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi tərəfindən verilməsi ilə bağlı konkret rəy yoxdur.

Vəkil deyir ki, bu yalnız praktikada mövcuddur və səhv praktikadır.

Vəkil praktikada daha çox tikinti, qiymətləndirmə, torpaqla bağlı işlərdə keçirilən ekspertizaların mübahisəli olduğunu, həmin işlərlə bağlı ekspert rəylərinin reallığı əks etdirmədiyini iddia edir.

Nəsibov digər ekspertizalarla müqayisədə məhkəmə tibbi ekspertizalarının obyektiv olduğu qənaətindədir.

Bununla belə, o, istintaq orqanının bu qəbildən olan ekspertizalara müdaxiləsini də istisna etmir.

"Ekspertlər çox vaxt istintaqın sifarişi ilə rəy verir. İstintaqın rəyi olmadan ekspert mötəbər rəy verə bilmir", - deyə vəkil vurğulayıb.

Vəkil Fuad Ağayevin fikrincə, dövlət ekspertizası bir sıra hallarda obyektivliyin təmsilçisi kimi çıxış etmir, əksinə, istintaq və prokurorluq orqanlarının iradəsini həyata keçirir.

"O cümlədən ekspert ona aid olmayan suallara cavab verir, hüquqi məsələlərlə bağlı qeyri-peşəkar rəy bildirir. Rəylərdə tətbiq olunan metodika göstərilmir, ekspert rəy verilməsi mümkün olmayan hallarda da istintaq orqanının tələbi ilə rəy verir", - deyə Ağayev bildirib.

Vəkilin sözlərinə görə, ekspertlərin qeyri-obyektiv, əsaslandırılmamış rəyləri insanların hüquqlarının pozulması ilə nəticələnir.

Onun qənaətincə, bu sahədə vəziyyəti yaxşılaşdırmaq üçün ekspertizaların təyin olunmasında, ekspertlərin tabeçiliyi ilə bağlı mütləq dəyişikliklərə ehtiyac var.

O, alternativ ekspertiza qurumlarının yaradılması ilə problemin sürətli həllini real saymır.

"Digər alternativ qurumların ekspertlərinə səlahiyyət verilsə belə, istintaq orqanı və məhkəmələr ekspertizanın keçirilməsini yenə də dövlət ekspertlərinə tapşıracaq. Vəkil müstəqil ekspert rəyi ala bilməyəcək. Qanunda buna imkan yoxdu. Əslində isə vəkillərə qanunla sübut toplamaq üçün alternativ ekspertiza qurumlarına müraciət edib rəy almaq səlahiyyəti, imkanı verilməlidir. Bəzi ekspertizalarda isə iş materialları tələb olunur. Məhkəmələr həmin materialların alternativ qurumlara verilməsi ilə razılaşmayacaq",- deyə Ağayev bildirib.

Ağayev deyir ki, vəkillər məhkəmə istintaqı zamanı dövlət ekspertlərinin bilə-bilə yalan rəy verdiklərini, qanunsuz rəy verdiklərini sübuta yetirsələr də, əksər hallarda məhkəmələr bu məsələyə etinasız yanaşırlar.

Ali Məhkəmənin hakimi Əsəd Mirzəliyev alternativ ekspertiza qurumlarının yaradılmasını mümkün hesab etsə də, hazırda Azərbaycanda məhkəmə ekspertizası sahəsində elə də ciddi problem olmadığı qənaətindədir.

"Ekspertiza ilə bağlı təcrübədə elə ciddi problemlərlə rastlaşmamışam. Bu sahədə müəyyən problemlər olsa da, ciddi deyil. Amma müstəqil ekspertiza mərkəzlərinin yaradılması yaxşı olardı", - Mirzəliyev vurğulayıb.

Hakimin sözlərinə görə, ekspert rəyləri kifayət qədər aydın deyilsə, əsaslandırılmayıbsa qanun həmin iş üzrə təkrar, kompleks, komisyon ekspertizaların keçirilməsinə icazə verir.

"Qanunda ekspertiza keçirilməsi üçün konkret hara müraciət edilməsi, hansı qurumun ekspertlərinin rəy verməsi konkret yazılmayıb", - deyə Mirzəliyev vurğulayıb.

Ali Məhkəmənin hakimi hesab edir ki, obyektiv ekspert rəyinin verilməsi dövlətin marağındadır.

Hakimin sözlərinə görə, ekspert rəyləri sübutlardan biridir və ola bilər ki, məhkəmə yekunda rəyi sübut kimi qəbul etməsin.

"Amma bu hal ekspertin məsuliyyətə alınmasına əsas ola bilməz. Bilə-bilə yalan ifadə verən ekspertin cəzasız qalması isə mümkün deyil", - deyə Mirzəliyev bildirib.

Həmkarından fərqli olaraq Ali Məhkəmənin hakimi Müzəffər Ağazadə isə müstəqil ekspertiza mərkəzlərinin yaradılmasının tərəfdarı deyil. Fikrini isə belə əsaslandırıb ki, belə qurumların çoxluğu fərqli ekspert rəylərinin meydana çıxmasına səbəb olacaq.

"Bizdə həmin qərarları müqayisə edib, obyektiv olanı müəyyən edən arbitr ekspert yoxdu. Məhkəmə bu rəylərin hansına inanmalıdır? Fikrimcə, belə qurumların yaradılması qarışıqlıq yaradacaq. İşlər çoxalacaq, proseslər qəsdən uzadılacaq", - deyə Ağazadə bildirib.

Hakim deyir ki, bu sahənin dövlətin nəzarətində olması ekspert qərarlarının obyektivlikdən uzaq, saxta olması ilə nəticələnə bilməz.

"Burada dövlətin marağına toxunan nə ola bilər ki, dövlət ekspert rəylərinin alınmasına təsr etsin? Ekspert rəyi məhkəmə üçün yetərli deyil. Bu rəylər şahid ifadəsindən üstün tutulmur. Məhkəmə həmin rəyi sübut kimi qəbul edə də bilər, etməyə də. İndi hər yer, təcridxanalar da, həbsxanalar da, xəstəxanalar da açıqdır. Saxtakarlıq etmək çətindir", - deyə Ağazadə bildirib.

Ağazadə hesab edir ki, alternativ qurumlar yaranarsa, onların ekspertləri verdikləri rəylərə görə məsuliyyət daşımayacaq.

"Kim çox pul verəcək, onun da xeyrinə rəy verəcəklər. Psixatrik ekspertiza ilə bağlı problemlər var. Bəzi işlərdə qəsdən adam öldürənlər saxta ekspert rəyləri alıb məsuliyyətdən yaxa qutarmaq istəyir. Bu rəyləri də dövlətin ekspertləri verir. Dövlətin eksperti dövləti aldadır, o ki qala ictimai əsaslarla fəaliyyət göstərən ekspert. Əvvəllər ekspert rəylərinə inanmayanda Moskvaya yollayırdıq. İndi ekspert rəyinin doğruluğunu yoxlamaq üçün elə bir imkan yoxdur", - Ağazadə deyib.

Onun fikrincə, verilən ekspert rəyləri kifayət qədər obyektivdir, xüsusən də məhkəmə tibb ekspertizası ilə bağlı rəylər.

Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin rəisi, hüquq elmləri doktoru Fuad Cavadov bir müddət öncə Trend -a verdiyi müsahibədə Azərbaycanda özəl ekspertiza qurumlarının yaradılmasına ehtiyac olmadığını bildirmişdi.

"Müstəqil ekspertlərin bizim mərkəzin apardığı tədqiqatları aparmağa və elmi əsaslandırılmış səviyyədə rəy verməyə imkanları yoxdur. Hazırkı mərhələdə müstəqil ekspertiza müəssisələrinin yaradılması mümkün deyil", - deyə Cavadov vurğulayıb.

Azərbaycanda alternativ ekspert rəyləri yalnız evlərin qiymətləndirilməsi sahəsində verilir.

Cavadov bu sahədə fəaliyyət göstərən ekspertiza qurumlarının təcrübəsini misal göstərərək vurğulayıb ki, həmin qurumlar hec bir metodika, elmi yanaşma olmadan hansısa mənzilə ancaq bazardakı vasitəçilərdən öyrənilən məlumatlar əsasında qiymət qoyurlar.

Bu rəylərin isə son nəticədə mübahisə obyekti olduğunu deyən Mərkəzin rəisi bildirib ki, ekspert professional olmalı, rəy verən qurum standartlara uyğun avadanlıq bazası ilə təmin edilməli və elmi yanaşma vacibdir.

Cavadov bildirib ki, ekspert bilə-bilə yalan rəy verməyə görə məsuliyyət daşıyır. Özəl müəssisələrin ekspertlərindən fərqli olaraq dövlət ekspertinin mənəvi məsuliyyəti də var. Rəisin sözlərinə görə, ekspert haqqında istintaq-məhkəmə orqanından aparılan ekspertizada səhvlərə yol verməsi barədə təqdimat gələrsə, həmin ekspert ekspertiza müəssisəsinin rəhbərliyi tərəfindən qanuna müvafiq qaydada cəzalandırılır.

"Əgər bizdə özəl ekspertiza qurumları açılarsa, çox böyük problemlər yaranacaq. Özəl ekspertiza qurumlarının yaradılması çıxış yolu deyil", - deyə Cavadov bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti