...

Azərbaycanda alternativ məhkəmə ekspertizası qurumlarının yaradılmasına aydınlıq gətirilib

Cəmiyyət Materials 18 Mart 2011 17:03 (UTC +04:00)
Azərbaycanda alternativ məhkəmə-tibbi ekspertiza qurumlarının yaradılması yaxın gələcək üçün real deyil. Bunu Trend-ə müsahibəsində Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin baş direktoru Şakir Musayev bildirib.
Azərbaycanda alternativ məhkəmə ekspertizası qurumlarının yaradılmasına aydınlıq gətirilib

Azərbaycan, Bakı, 18 mart /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda alternativ məhkəmə-tibbi ekspertiza qurumlarının yaradılması yaxın gələcək üçün real deyil. Bunu Trend-ə müsahibəsində Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin baş direktoru Şakir Musayev bildirib.

Bir qrup ekspert məhkəmə ekspertizasının dövlətin inhisarından çıxarılaraq müstəqil ekspertiza qurumlarının yaradılmasını zəruri hesab edir.

Alternativ mövqedə olanlar isə belə iddia edirlər ki, müstəqil ekspertiza qurumlarının yaradılması bu sahədə qarışıqlıq yaradacaq və əldə olunan ekspert rəylərinin həqiqiliyi şübhə altında olacaq.

Birliyin rəhbərinin sözlərinə görə, qüvvədə olan qanunvericilik alternativ məhkəmə-tibbi ekspertiza qurumlarının fəaliyyətini qadağan edir.

"Azərbaycanda məhkəmə ekspertiza fəaliyyəti qanunverici aktlarla, xüsusən də "Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında" qanunla tənzimlənir. Qanunda birbaşa göstərilir ki, məhkəmə ekspertizası fəaliyyəti müvafiq icra hakimiyyəti orqanlarının məhkəmə ekspertizası idarəsi tərəfindən həyata keçirilir. Müstəqil ekspertiza fəaliyyətinə qanunvericilik icazə vermir. Hətta ekspertə özəl fəaliyyət göstərmək qadağandır. Qanunda qeyd olunub ki, başqa idarənin əməkdaşı qismində, həmçinin, özəl ekspert kimi məhkəmə ekspertiza fəaliyyətini həyata keçirmək qadağandır", - Musayev bildirib.

Musayevin sözlərinə görə, məhkəmə-tibbi ekspertiza fəaliyyəti zamanı qanunla qoyulan məhdudiyyətlər ekspertizanın işinə müdaxilə etməyi, ekspertə təzyiq göstərməyi qeyri-mümkün edir.

"Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyi Səhiyyə Nazirliyinə tabedir. Səhiyyə Nazirliyi istintaq, əməliyyat axtarış işi aparmır və vətəndaşların təqsirli olub-olmadığını müəyyən etmir. Ancaq Birlik Səhiyyə Nazirliyi nəzdində dövlət ekspertiza idarəsi kimi fəaliyyət göstərir. Birliyin məhkəmə tibb ekspertləri ekspertizanın icrasında müstəqildirlər. Yəni Birliyin ekspertlərinin hüquq-mühafizə və istintaq-məhkəmə orqanlarından hər hansı bir asılılığı və inzibati tabeçiliyi yoxdur. Məhkəmə-tibb ekspertlərinin ekspertizanı təyin etmiş orqandan və ya şəxsdən, tərəflərdən və rəyin nəticəsində maraqlı olan digər şəxslərdən hər hansı bir formada aslılığı yoxdur. Qanunda birbaşa qedyd olunub ki, ekspertizanın icrası zamanı ekspertizanın gedişinə və onun obyektivliyinə xələl gətirə biləcək müdaxilə və təzyiq göstərən istənilən vəzifəli şəxs, o cümlədən dövlət ekspertiza idarəsinin rəhbəri qanunla müəyyən edilmiş qaydada cinayət məsuliyyəti daşıyır. Ekspert bilə-bilə yalan rəy verməyə görə cinayət məsuliyyəti daşıyır. Ekspertiza başlayarkən, ekspertizanı təyin edən şəxs və ya ekspertiza qurumunun rəhbəri tərəfindən ekspertin billə-bilə yalan rəy verməyə görə məsuliyyət daşımasına görə xəbərdarlıq edilir və ondan iltizam alınır. Ekspert dünyada qəbul olunmuş vahid metodikalar əsasında, tam, dolğun, arqumetləşdirilmiş, elmi əsaslı obyektiv rəy verməlidir. O, ekspert rəyinin obyektivliyinə və tamlığına birbaşa məsuliyyət daşıyır", - Birliyin rəhbəri deyib.

Qurumun rəhbəri kimi ekspertizanın nəticələrinin tərtibatına müdaxilə etmək imkanının olmadığını deyən dövlət məhkəmə-tibbi ekspertiza idarəsinin rəhbəri qeyd edir ki, o, ekspertin rəyinin nəticəsi ilə razı olmadığı halda belə rəyi dəyişdirmək ixtiyarına malik deyil.

"Ekspert apardığı tədqiqatların nəticələrinə və istifadə etdiyi metodikalara əsaslanaraq rəy verir və onu öz imzası ilə təsdiq edir. Qrumun rəhbəri rəydəki imzanı təsdiqləyir. Lakin həmin ekspertizanın obyektivliyində şübhə doğuran hal varsa, bu barədə prokurorluq və digər istintaq-məhkəmə orqanlarına müşahidəedici məktub göndərir. Bundan sona istintaq məhkəmə orqanları digər çoxsaylı sübut növləri ilə bərabər ekspert rəyinin obyektivliyini və etibarlılığını qiymətləndirir. Ziddiyyət varsa və rəyin obyektivliyi şübhə doğurursa, istintaq tərəfindən təkrar ekspertiza təyin edilir. Təkrar ekspertiza zamanı isə digər ekspertlər cəlb edilməklə yeni tərkibdə komisyon qaydada ekspertiza aparılır. Məhz təkrar ekspertizadan sonra ekspertizanın obyektivliyi həmin komissiya tərəfindən qiymətləndirilir", - baş direktor vurğulayıb.

Məhkəmə-tibbi ekspertizası sahəsində sağlam rəqabətli alternativ qurumların yaradılmasının tərəfdarı olan, lakin onun yaranmasına xüsusi zərurətin olmadığını deyən Musayev məhkəmə-tibbi ekspertiza mərkəzlərinin fəaliyyəti üçün ilk növbədə güclü maddi-texniki bazanın, kadr ehtiyatının yaradılmasını vacib sayır və prosesin yaradılmasına azı bir neçə onilliklərin lazım olduğunu deyir.

Onun sözlərinə görə, məhkəmə ekspertizası fəaliyyəti ilə bağlı Azərbaycan Respublikasının qanunvericilik aktlarının müvafiq müddəalarının tələblərinin dolğun, düzgün və dürüst, tam icrası Birlik ekspertləri tərəfindən ekspertiza aparılarkən insan və vətəndaş hüquqlarının və azadlıqlarının qorunmasına, tam müstəqil olaraq, hamı tərəfindən qəbul edilmiş elmi dəlillər əsasında obyektiv və hərtərəfli ekspert rəyinin tərtibinə zəmanət verir.

"Mən alternativ qurumların yaradılmasının tərəfdarıyam. Amma bu qurumların üzərində sağlam nəzarət mexanizmi olmalıdır ki, onlar öz fəaliyyəti zamanı dövlətimizin və xalqımızın təhlükəsizliyi ilə bağlı istənilən aspekti daim rəhbər tutsunlar. Əks halda, müstəqil məhkəmə-tibbi ekspertiza qurumlarının yaradılması tendensiyası milli təhlükəsizliyimizə gələcəkdə təhdidlər törədə bilər. Hansısa zəruri nəzəri biliyə malik olmaq ekspert demək deyil. Ekspertin xüsusi peşə təcrübəsi və peşə vərdişi olmalıdır. Şəxsən məhkəmə-tibb ekspertləri bu təcrübəni və vərdişi apardığı ekspertizalar zamanı toplamalıdır", - o bildirib.

Ekspert peşəsinin çətinliyinə toxunan Musayevin sözlərinə görə, məhkəmə-tibb eksperti ilə bağlı əmək fəaliyyəti cəmiyyətimizdə ən çətin, mürəkkəb, məsuliyyətli, zərərli və ağır peşə növlərindən biridir.

"Məhkəmə-tibb ekspertini yetişdirmək çox çətindir. Ekspertin həyatı və sağlamlığı həmişə təhlükə altındadır. Ekspertlərin həll etdiyi məsələlər baş vermiş konfliktlərin mərkəzində olur. Ekspertlərin fəaliyyəti zamanı təmasda olduğu şəxslərin əksəriyyəti taleyindən narazı, həyatdan küskün, bədbin, aqressiv və problemli insanlar olur. Elə hallar olur ki, vətəndaşlar səbəb olmadan eksperti təhqir edir, döyür. Bütün bunlara baxmayaraq, ekspert emosiyalarını cilovlayaraq belə hallara dözməli və obyektiv, əsaslandırılmış rəy verməlidir", - o bildirib.

Birliyin rəhbəri hesab edir ki, məhkəmə-tibb eksperti işləmək istəyənlər zəruri testdən keçməli, onlar xüsusi peşə hazırlığına, vərdişlərə, yüksək intellektə, analitik qabliyyətə, müasir texnologiyalarla işləmək iqtidarına və yüksək insani və əxlaqi keyfiyyətlərə malik olmalıdır.

Musayev qeyd edib ki, ekspertlərin fəaliyyətlərinin elmi-təcrübi qiymətləndirilməsi mütəmaddi olaraq nəzarətdə saxlanılmalıdır. Onların peşəkar hazırlığı və ixtisaslaşdırılması, o cümlədən beynəlxalq aləmdə ekspert təcrübəsində hamı tərəfindən qəbul olunan vahid elmi-metodik üsulların mənimsənilməsi planlı surətdə həyata keçirilməlidir.

"Bununla bərabər davamlı dövlət təminatının olması əsas şərtdir. Çünki məhkəmə-tibbi ekspertiza idarələrinin maddi-texniki bazalarının, xüsusən də laborator xidmət sahələrinin avadanlıqları planlı surətdə müasirləşdirilməlidir və müvafiq olaraq akkreditasiya olmalıdır", - Musayev vurğulayıb.

Musayev qeyd edib ki, rəhbərlik etdiyi Birliyin dünya standartlarına cavab verən ekspertizalar aparması üçün güclü maddi-texniki bazası və kadrları var. "Məhkəmə-tibbi ekspertizası qarşısında qoyulan məsələlər dünya standartları səviyyəsində öz həllini tapır. Son ilərdə çoxsaylı xarici vətəndaşların meyitlərinin məhkəmə-tibbi ekspertizası aparılıb. Ekspertlərimiz bir çox beynəlxalq ekspertizaların tərkibində iştirak edib. Birlikdə müasir molekulyar-genetik individualizasiya laboratoriyası fəaliyyət göstərir", - o deyib.

Mərkəzdə ən mürəkkəb ekspertizaların aparılması üçün lazımı şəraitin, avadanlığın və kadr potensialının olduğunu vurğulayan müsahibimizin sözlərinə görə, Azərbaycanda alternativ ekspertiza qurumlarının yaradılması mümkün deyil və bunun hansı zərurətdən irəli qəldiyi başadüşülən deyil.

"Məhkəmə-tibbi ekspertiza digər ekspertiza növləri ilə müqaisədə ən mürəkkəb və ən çətin ekspertiza növüdür. Ekspertizanın çətinliyi onun həcmi, tətbiq olunan metodikaların sayı, müayinə obyekti ilə, istifadə olunan metod və üsulların çoxşaxəliyi ilə ölçülür. Bununla yanaşı, ekspertizanın müayinə obyektinin xarici görkəminin və onun üzərindəki izlərin uzun müddətə dəyişmədən saxlama qabiliyyətinə malik olması və onun özünün uzun müddətə ekspertizada saxlanılması mümkünlüyü ekspertizanın ən ağır və mühüm problemlərindəndir. Bu obyektlər sırasında birinci yeri meyitlər tutur. Meyit ekspertizanın yeganə obyektidir ki, onun prosessual statusu yoxdur. Digər obyektlərlə işləmək asandır. Onları istənilən vaxt müayinə etmək mümkündür. Meyit isə belə deyil. Çürümüş, qurdlu meyitlər olur. Onların ekspertizası çox çətindir. Bundan başqa digər ekspertizalarda 5-6 metodika tətbiq etməklə rəy vermək mümkündürsə, meyitlərin ekspertizasında fərqli olaraq bu metodların sayı bəzən 30-50 olur. Meyitlərin ekspertizası zamanı ekspertiza qarşısında həlli üçün qoyulan sualların sayı istənilən digər növ ekspertizalarla müqaisədə dəfələrlə qəliz və çoxdur. Tək Quba məzarlığında tapılan qalıqların ekspertizası zamanı 80-dən artıq metod və üsullar tətbiq etməklə belə, hələ də işimizi yekunlaşmış hesab etmirik", - baş direktor vurğulayıb.

Birliyin Baş direktoru alternativ ekspertiza qurumlarının yaradılması fikrində olanlara qanynvericiliklərlə müəyyən edilmiş məhkəmə ekspertizası fəaliyyətinin prinsipləri ilə tanış olmağı tövsiyə edir.

Xəbər lenti

Xəbər lenti