...

Özəlləşdirilmiş mənzil şəxsin ayrıca mülkiyyətidir, yoxsa ailənin birgə mülkiyyəti?

Cəmiyyət Materials 8 Fevral 2013 13:25 (UTC +04:00)

Azərbaycan, Bakı, 8 fevral /Trend, müxbir İ.İzzət/

Azərbaycan Hüquq islahatları Mərkəzi İctimai Birliyinin sədri dövlət tərəfindən verilmiş və özəlləşdirilmiş mənzillərlə bağlı Konstitusiya Məhkəməsinin qərarına münasibətini açıqlayıb.

Azərbaycan Hüquq islahatları Mərkəzi İctimai Birliyinin sədri, Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü, hüquq elmləri üzrə fəlsəfə doktoru Anar Bağırov mətbuata açıqlamasında bildirib ki, Konstitusiya Məhkəməsinin Plenumu vətəndaşların gündəlik həyatlarına təsir göstərəcək mühüm qərar qəbul edib.

Həmin qərar vaxtilə dövlətin mənzil fonduna aid olan və 90-cı illərdə əhali tərəfindən özəlləşdirilən mənzillərlə bağlıdır.

Onun sözlərinə görə, 1993-cü ildə ölkəmizdə qəbul olunmuş "Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında" Qanunla əsasən Sovet hakimiyyəti dövründə əhaliyə paylanılmış mənzillərin həmin mənzillərdə qeydiyyatda olan şəxslər tərəfindən özəlləşdirilməsinə başlanılmışdır.

"Qanunun qəbulundan əvvəl həmin mənzillər dövlətin mülkiyyətində olduğundan dövlətlə bu mənzillərdə yaşayan şəxslər arasında müddətsiz kirayə müqaviləsi bağlanılırdı. Qanunun qəbulundan sonra isə dövlət fonduna aid və vətəndaşların kirayəsində olan mənzillərin kütləvi özəlləşdirilməsinə başlanıldı. Qanunun tələbinə əsasən, mənzillər özəlləşdirilməsi üçün müraciət edilən anda kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan, onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin və ya bir neçəsinin (ümumi) mülkiyyətinə verilirdi. Yəni, son nəticədə mənzilin bir qayda olaraq bir mülkiyyətçisi olurdu. Təcrübədə bu şəxs ya ər, yaxud arvaddır", vəkil deyib.

Bağırov qeyd edir ki, bununla belə, Qanunda məhkəmə təcrübəsində fikir ayrılığına səbəb olan bir maddə var. Qanunun 12-ci maddəsinə əsasən, özəlləşdirilmə nəticəsində vətəndaşların mülkiyyətinə keçmiş mənzillər barəsində sərəncam (alğı-satqısı, bağışlanması və s.) həmin mənzilin mülkiyyətçisi tərəfindən yalnız yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə verilə bilər.

"Məsələyə səthi yanaşdıqda, bu qayda bizlər üçün normal görsənə bilər. Əslində isə bu hal Ailə Məcəlləsinin 32.1-ci və Mülki Məcəllənin 225.1-ci maddələrinin ruhu ilə uzlaşmamaqdadır və məhkəmələr tərəfindən qanunların tətbiqi zamanı çətinlik törədir. Bu isə öz növbəsində məhkəmələr tərəfindən yanlış qərarların çıxarılması ehtimalını artırmış olur. Bu cür anlaşılmazlığın aradan qaldırılması məqsədi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsi Qanunun 1, 5 və 12-ci maddələrinin Ailə Məcəlləsinin 32.1-ci maddəsinin və Mülki Məcəlləsinin 225.1-ci maddəsinin müddəaları baxımından şərh edilməsini Konstitusiya Məhkəməsindən xahiş etmişdir. Gəlin, təcrübədə problemin nədən ibarət olmasına aydınlıq gətirək. Ailə Məcəlləsinə görə, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi (birgə) mülkiyyəti sayılır. Eyni zamanda həmin Məcəllənin 34-cü maddəsinə əsasən, nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında və digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyəti hesab olunur. Fikir verdinizsə, həmin maddədə "əvəzsiz əqdlər" sözü istifadə edilmişdir. Yuxarıda adı çəkilən Qanuna görə dövlət mənzil fonduna aid olan ev özəlləşdirilərkən həmin mənzil şəxsə əvəzsiz qaydada verilir. Məsələyə Ailə Məcəlləsinin 34-cü maddəsinin prizmasından yanaşdıqda buradan o, hasil olur ki, özəlləşdirmə nəticəsində şəxsə əvəzsiz verilmiş evin mülkiyyətçisi bir nəfər - özəlləşdirmə sənədində adı qeyd olunan şəxs ola bilər. Yəni, həmin şəxsin özəlləşdirilən evə mütləq hüquqları var. Lakin "Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında" Qanun 12-ci maddəsində deyilir ki, mənzil barəsində sərəncam vermək üçün orada yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı olmalıdır. Bu zaman bir sıra suallar doğur. Özəlləşdirilmiş mənzil şəxsin ayrıca mülkiyyətidir, yoxsa ailənin birgə mülkiyyəti? Və ya məhkəmələr tərəfindən nikaha xitam verilməsi işlərinə baxılması zamanı həmin evdə yaşamaq hüququndan istifadə ilə bağlı ərin (arvadın) mənzilə münasibətdə statusları necədir, yəni ərin (arvadın) həmin mənzildən istifadə hüququ varmı?", AHİM sədri deyib.

Məsələ ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumu öz qərarında problemin həlli yollarına aydınlıq gətirib.
"Konstitsuiya Məhkəməsinin qərarına görə, Qanun əsasında 90-cı illərdə özəlləşdirilmiş mənzillər ailənin, ərlə arvadın ümumi mülkiyyəti ola bilməz, çünki bu mənzil əvəzsiz olaraq əldə olunmuş mülkiyyətdir. Lakin həmin mənzilin mülkiyyətçinin adına özəlləşdirilməsi digər ailə üzvlərinin hüquqlarının məhdudlaşdırılması kimi başa düşülməməlidir", vəkil vurğulayıb.

Onun sözlərinə görə, "Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında" Qanunda qeyd olunur ki, adına mənzil özəlləşdirilmiş şəxs həmin mənzildə qeydiyyatda olan ailə üzvlərinin razılığı olmadan mənzillə bağlı sərəncam verə bilməz.

"Yəni o, ailə üzvlərinin razılığı olmadan həmin mənzili vəsiyyət edə, sata, bağışlaya, icarəyə verə bilməz. Belə nəticəyə gəlmək olar ki, əslində, bu halda sərəncam səlahiyyətləri mülkiyyətçi olmayan şəxslərə, yəni ailə üzvlərinə mənsubdur. Əslində, bu halda mülkiyyətçinin həmin mənzillə bağlı səlahiyyətləri yetkinlik yaşına çatmış ailə üzvlərinin səlahiyyətlərindən daha məhduddur. Həmin mənzillə bağlı sərəncam verilməsində ailə üzvlərinin daha geniş təsir imkanları var. Bir sözlə, həmin mənzilin mülkiyyətçisi mənzillə bağlı mülkiyyət hüquqlarını həyata keçirərkən digər ailə üzvlərinin hüquqlarına və qanuni maraqlarına xələl gətirməməlidir, onların etimadından sui-istifadə etməməlidir. Əgər mülkiyyətçi həmin mənzillə bağlı ailə üzvlərinin razılığı olmadan hər hansı qərar verərsə, bu halda mübahisələrə məhkəmə qaydasında baxılmalıdır", o deyib.

Bağırov qeyd edib ki, Konstitusiya Məhkəməsinin qərarında Milli Məclisə tövsiyə olunur ki, özəlləşdirilmiş mənzil üzrə əqdlərin (müqavilələrin) bağlanması zamanı mülkiyyətçinin və onunla birlikdə yaşayan ailə üzvlərinin hüquqi vəziyyəti ilə bağlı müvafiq normativ-hüquqi aktların müddəaları orada yaşayanların mənzildən yaşamaq hüquqlarına xələl gətirilmədən konkretləşdirilsin.

Vəkil bildirib ki, qanunvericiliyəmüvafiq dəyişikliklərdən sonra, təcrübədə yaranmış çətinliklər aradan qalxacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti