...

Paytaxta gələn sürücülərin diqqətinə

Baku 2015 : EUROGAMES Materials 1 İyun 2015 12:09 (UTC +04:00)
İlk Avropa Oyunları ilə əlaqədar Bakıda nəqliyyatın sıxlığının azaldılması məqsədilə paytaxt ərazisinə yük avtomobillərinin daxil olmasına tam, digər nəqliyyat vasitələrinə isə müəyyən məhdudiyyətlərin qoyulması bu gündən qüvvəyə minib.
Paytaxta gələn sürücülərin diqqətinə

Azərbaycan, Bakı, 1 iyun /Trend, müxbir İlkin İzzət/

İlk Avropa Oyunları ilə əlaqədar Bakıda nəqliyyatın sıxlığının azaldılması məqsədilə paytaxt ərazisinə yük avtomobillərinin daxil olmasına tam, digər nəqliyyat vasitələrinə isə müəyyən məhdudiyyətlərin qoyulması bu gündən qüvvəyə minib.

Azərbaycanda rayon qeydiyyatında olan nəqliyyat vasitələrinin Avropa Oyunları ilə əlaqədar Bakıya daxil olmaması üçün paytaxtın giriş ərazilərində xüsusi olaraq yaradılmış duracaqlar sürücülərin istifadəsinə verilib. Bu məqsədlə ümumən 8 hektar torpaq sahəsi aytrılıb. Bakı-Sumqayıt yolundan istifadə edənlərə "Riyad" ticarət mərkəzinin həyətində, şimal istiqamətdən paytaxta gələnlərə "Müşfiqabad postu"nun yaxınlığında, qərb və cənub istiqamətlərdən gələn sürücülər üçün isə Ələt yolunun 14-cü km-də xüsusi sahə ayrılıb.

Avtomobillər bu duracaqlarda park olunduqdan sonra vətəndaşlar "ekspress" avtobuslar və ya marşrut avtobusları vasitəsilə paytaxta daxil ola biləcəklər.

Qeyd edək ki, I Avropa Oyunları ilə əlaqədar Bakıda nəqliyyatın sıxlığının azaldılması və yollarda təhlükəsizliyin təmin edilməsi məqsədilə iyunun 1-dən 30-dək xüsusi icazəsi olanlar istisna olmaqla, paytaxta yük avtomobillərinin və rayon qeydiyyatı olan nəqliyyat vasitələrinin daxil olmasına məhdudiyyət qoyulur.

İlk Avropa Oyunlarını izləməyə gələn tamaşaçıların minik avtomobillərini saxlaması üçün isə Bakıda rəsmi olaraq iki duracaq müəyyən edilib. Həmin duracaqların yanında "ekspess" avtobuslar dayanacaq və Avropa Oyunlarının yarışlarına bileti olan şəxslər idman arenalarına pulsuz daşınacaq. Parkinq üçün nəzərdə tutulan yerlərdən biri Füzuli meydanının yaxınlığında, bəzilərinin "Qış parkı" adlandırdığı Mərkəzi Parkın altındakı duracaqdır. Həmin duracaqda eyni vaxtda 3 min avtomobil saxlamaq mümkündür.

Digəri isə Fətəli Xan Xoyski küçəsindəki Gənclik Parkında yerləşən duracaq müəyyən edilib. Orada eyni anda 650 avtomobil saxlamaq mümkündür. Həmin duracaqlarda Avropa Oyunlarını izləmək üçün biletləri olan avtomobil sahiblərinə güzəştli tarif tətbiq olunacaq və avtomobilin duracaqda saxlanmasına görə, müddətindən asılı olamayaraq onlardan 1 manat ödəniş alınacaq. Həmin duracaqlarda digər şəxslər də, amma adi tariflərlə avtomobillərini saxlaya biləcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti